YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaşar Əliyev: Erməni tərəfi öz təhrikçi siyasətini davam etdirir

Fevralın 23-də BMT Təhlükəsizlik Şurasının “Beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi” mövzusunda iclası keçirilib.
Çin Xalq Respublikasının xarici işlər naziri cənab Vonq Yinin sədrlik etdiyi iclasda Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və onun həmkarları: Venesueladan Delsi Rodriqez, Yeni Zelandiyadan Mürrey MakKalli, Malayziyadan Anif Aman, Litvadan Linas Linkyaviçyus, Nigeriyadan Aminu Vali, İspaniyadan İqnatsio İbanyes, Serbiyadan İvitsa Daçiç, Ukraynadan Pavlo Klimkin və Birləşmiş Ərəb Əmirliklərindən Ənvər Qarqaş iştirak ediblər.
80-dən çox ölkəni təmsil edən diplomatlar öz çıxışlarında beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsinin müxtəlif aspektlərinə, xüsusən BMT-nin yaradılmasının 80-ci ilində bu universal təşkilatın Nizamnaməsinə və həmin sənədin əsas müddəalarına riayət etməyin vacibliyi məsələlərinə toxunublar.
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev də iclasda çıxış edib. Y.Əliyev qeyd edib ki, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün BMT üzvü olan bütün dövlətlər ilk növbədə beynəlxalq hüququn universal tətbiqi üçün möhkəm təməl yaradan BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə sadiq olmalıdırlar.
Bununla əlaqədar, Ermənistanla Azərbaycan arasında hələ də davam edən münaqişə mövzusuna toxunan səfir qeyd edib ki, bu münaqişə beynəlxalq və regional sülh və təhlükəsizlik üçün birbaşa təhdid mənbəyidir. Azərbaycanın daimi nümayəndəsi bir faktı yenidən tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qəsb edən, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə məhəl qoymayan Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin beşdə bir hissəsi işğal altındadır, bir milyona yaxın azərbaycanlı etnik təmizləmə siyasətinə məruz qalıb. Erməni tərəfi atəşkəs rejimini pozmaqla bu günə qədər öz təhrikçi siyasətini davam etdirir.

Yaşar Əliyev xüsusi vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız Azərbaycanın suverenliyinə və onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə tam hörmət əsasında tənzimlənə bilər.
Azərbaycanlı diplomat çıxışının sonunda deyib: “Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən nə qədər tez çıxarsa və danışıqlarda konstruktiv iştirak etmək üçün vicdanlı mövqe nümayiş etdirsə, münaqişə bir o qədər tezliklə həll ediləcək”.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ilin aprel-noyabr aylarında erməni silahlı qüvvələri tərəfindən işğalını Azərbaycan ərazilərinin pisləyən, erməni silahlı qüvvələrinin bu ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Məclisi beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə olunmuş mövqeyini bir daha təsdiq edən 62/243 nömrəli qətnamə qəbul edib. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunverici orqanları BMT Təhlükəsizlik Şurasının bu qətnamələrini əsas götürərək, erməni işğalçı qüvvələrinin Azərbaycandan çıxarılmasını tələb edən onlarca yeni qətnamələr qəbul ediblər.