YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Mərkəzi Aparatında AK Parti Qadınlar Birliyinin sədri Ayşe Keşirlə görüş keçirilib

  İyulun 27-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova  ölkəmizdə səfərdə olan AK Partinin Qadınlar Birliyinin sədri Ayşe Keşirlə görüşüb. 

  Qonaqları salamlayan Bahar Muradova bildirib ki, Azərbaycanla Türkiyənin qədim tarixi köklərə malik ənənələri və mədəniyyəti vardır: “Bu gün  Azərbaycanla Türkiyə arasındakı  əlaqələr qarşılıqlı əməkdaşlığa, dostluğa, qardaşlığa, hüquq bərabərliyinə əsaslanır. Bu çoxtərəfli əməkdaşlıq  getdikcə  yüksələn xətlə inkişaf etməkdədir.”

Münasibətlərimizin tarixindən geniş bəhs edən Bahar Muradova bildirib ki,  tarixin ən müxtəlif mərhələlərində  dövlətlərimizin, xalqlarımızın maraqlarına uyğun  münasibətlər qurulub.

B.Muradova  böyük öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimiz”, Heydər Əliyevin “Bir millət, iki dövlət” tezislərini önə çəkərək,  bu fikirlərin bütün dövrlər üçün aktuallığını nəzərə çatdırıb. 

    Azərbaycanla Türkiyə arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu bildirən B.Muradova qeyd edib ki, bu mərhələni  şərtləndirən əsas sənəd iyun ayının 15-də imzalanan Şuşa Bəyannaməsidir:  “Bu sənəd  hər iki dövlətin hazırkı durumda  qarşısına qoyduğu vəzifələri, hədəfləri özündə əks etdirir. O cümlədən xüsusi bir sənədi də  vurğulamaq istəyirəm ki, bu da  Şuşa Bəyannaməsindən  və indiyədək iki dost ölkə arasındakı münasibətlərdən irəli gələrək partiyalarımız arasında imzalanan  əməkdaşlıq protokoludur. Azərbaycan və Türkiyə arasında münsabətlərin inkişafına töhfələrimizi vermək üçün qarşılıqlı öhdəliklərimizi müəyyən etmişik. Bu öhdəliklərin də həyata keçirilməsi zəminində bütün səviyyələrdə əməkdaşlığı ortaya qoymalıyıq. Qarşılıqlı səfərlər çərçivəsində atılan addımlar  bu hədəflərə böyük töhfə olacaq.”

AK Parti Qadınlar Birliyinin sədri Ayşe Keşir qonaqpərvərliyə görə  təşəkkürünü bildirib. O bu gün Azərbaycanla Türkiyə arasında mövcud münasibətlərin dünya düzəni üçün bir örnək olduğunu vurğulayıb.

   A.Keşir  Azərbaycanın Zəfərindən böyük qürur hissi keçirdiyini, Şuşa Bəyannaməsinin imzalanması mərasimində iştirakından  məmnunluğunu  ifadə edib.

  Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

DİGƏR Partiya xəbərləri Arxiv