YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirdə Heydər Əliyev Parkında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevirdə Heydər Əliyev Parkında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub.
Məlumat verildi ki, Heydər Əliyev Parkının yenidən qurulmasına 2014-cü ilin may ayında başlanılıb. Hazırda tikinti işləri sürətlə davam etdirilir. Ümumi sahəsi 3 hektar olan parkda sakinlərin və qonaqların istirahəti üçün hərtərəfli imkanlar yaradılacaq, yeni yaşıllıq zolaqları salınacaq. Bu layihənin həyata keçirilməsi bir daha sübut edir ki, Azərbaycan dövlətinin vətəndaşların sosial məsələlərinin həlli, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində atdığı addımlar ardıcıl xarakter daşıyır.
Bu parkın yenidən qurulması, ümumilikdə, ölkəmizdə geniş vüsət alan abadlıq-quruculuq işlərinin bir hissəsidir. Digər tərəfdən, belə istirahət mərkəzlərinin müasir səviyyədə qurulması, yeni park və xiyabanların salınması şəhər və rayon mərkəzlərinin simasını gözəlləşdirir. Bu baxımdan, Mingəçevirdə Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri şəhərin gözəlliyini daha da artırır, onun simasına müasir elementlər əlavə edir.
Prezident İlham Əliyevə şəhərin Heydər Əliyev prospektində görüləcək işlər, o cümlədən tikintisi nəzərdə tutulan “Mingəçevir Sənaye Parkı” barədə də məlumat verildi. Bildirildi ki, Mingəçevir toxuculuq fabrikinin 15 hektaradək ərazisi Sənaye Parkına veriləcək. Burada yüngül sənaye üzrə müxtəlif istehsal müəssisələrinin yaradılması planlaşdırılır. Sənaye Parkında mahlıc, iplik, toxuculuq, boyama, tikiş və digər sahələr yaradılacaq, həmin müəssisələrdə 2 mindən çox sakin işlə təmin olunacaq. Yaradılacaq müəssisələrin ilkin dəyəri 100 milyon manatdır və bu layihələrin müəyyən hissəsi İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
“Kür” Mədəniyyət Mərkəzinin layihəsinə baxan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Kür çayının Mingəçevirdən keçən hissəsinin üzərində körpü inşa olunacaq. Bildirildi ki, şəhərdəki yaşayış binalarının fasadlarında, o cümlədən Heydər Əliyev prospektindəki keçiddə də son vaxtlar geniş yenidənqurma işləri aparılıb.
Dövlətimizin başçısı işlərin yüksək səviyyədə yerinə yetirilməsinə dair tapşırıq və tövsiyələrini verdi.