YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Jirinovskinin məsuliyyətsiz və təxribat xarakterli çıxışları Rusiyanın öz nüfuzuna zərbə vurur

“Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaşlığa əsaslanır. İki dövlət arasında münasibətlər bərabərhüquqlu  əsaslarla inkişaf edir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Millət vəkili bildirib ki, Azərbaycan və Rusiya prezidentləri mütəmadi olaraq görüşür və görüşlərdə iki ölkə arasındakı əlaqələrin inkişafından məmnunluq ifadə olunur. Deputatın sözlərinə görə, bütün bunların fonunda Rusiyada bəzi dairələr Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir, iki dövlətin mehriban qonşuluq münasibətlərinə xələl gətirməyə çalışır. Belələrindən biri də Rusiya Dövlət Dumasının üzvü, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskidir. Bu şəxs hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib, Ermənistanın isə fəal təəssübkeşi rolunda çıxış edib.  Vladimir Jirinovski bugünlərdə Rusiyanın “Komsomolskaya Pravda” radiosuna müsahibəsində də bir daha qərəzli mövqeyini ortaya qoyaraq ölkəmizə qarşı əsassız fikir və ittihamlar səsləndirib. Fakt budur ki, o, həqiqətləri görmək istəmir.

Pərvin Kərimzadə qeyd edib ki, Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışı qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna qətiyyən uyğun deyil. Eyni zamanda,  V.Jirinovski tərəfindən bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsi qəbuledilməzdir.

“Jirinovski Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. O, Rusiya siyasətinin əxlaqi dəyərlərə, insani münasibətlərə, Rusiyanın daxili qanunvericiliyinə, üzvü olduğu Rusiya Dövlət Dumasının şərəfinə, beynəlxalq hüquq norma və qaydalarına əməl etməyən “siyasətçi”dir. V.Jirinovski, bütün müstəqillik illərində Azərbaycana qarşı düşmən mövqe sərgiləmiş Rusiya siyasətçisidir. Bir qayda olaraq ölkəmiz və cəmiyyətimiz haqqında siyasətçiyə yaraşmayan fikirlər bildirib, Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Ermənistanı müdafiə edib. Onun Azərbaycan və Türkiyəyə qarşı nifrəti, əsassız mövqeyi hər kəsə yaxşı tanışdır. Əlbəttə ki, Rusiya-Azərbaycan dostluğu bu cür şəxsin qeyri-ciddi  fikirləri ilə zədələnməyəcək. Lakin bu siyasətbazın demokratiyanın və söz azadlığının üstünlüklərindən faydalanaraq ölkəmizə, onun rəhbərliyinə qarşı hədyanlar söyləməsinə imkan verilməməlidir. Biz bilirik ki, ayrı-ayrı siyasətçilərin bu cür təhrikçilik və aqressiv bəyanatlarla məşğul olduğu ölkələr az deyil, belələri özlərini guya dövlətlərinin mənafelərinin “keşikçiləri və müdafiəçiləri” hesab edərək həm öz xalqını, həm də başqa ölkələrin xalqlarını qorxudurlar. Təəssüf ki, bu fakt Rusiyadan da yan keçməyib. Amma Jirinovski kimilərinin bu cür mövqeyi, onun qeyri-ciddi davranışı elə Rusiyanın öz nüfuzuna da zərbə vurur”, -deyən millət vəkili əlavə edib ki,  Jirinovskinin nə deməsindən asılı olmayaraq ölkəmiz özünün müəyyənləşdirdiyi  doğru yolla irəliləyir. Bu yol milli maraqlar, inkişaf, demokratiya və mütərəqqi dəyərlərə sadiqlik yoludur.

Eyni zamanda, Azərbaycanda siyasi islahatlar fonunda sağlam iqtidar-müxalifət dialoqu qurulub, yeni siyasi konfiqurasiya yaradılıb. Bunun nəticəsi olaraq, bu gün dövlətin təməl prinsipləri ətrafında bütün siyasi partiyalar həmrəylik nümayiş etdirir. Prezident İlham Əliyevin dəmir yumruğu birlik və tükənməz güc rəmzi kimi bütün dünyanı heyran etməkdədir. Bu birliyin təməlini İkinci Qarabağ müharibəsindən öncə əldə olunmuş xalq-iqtidar, milli-siyasi həmrəylik təşkil edir. Məhz bu siyasi qələbənin əsasında Azərbaycan döyüş meydanında da möhtəşəm zəfər qazandı. Bu baxımdan, Jirinovski kimilərinin tutduğu mövqe Azərbaycanın siyasətinə və yoluna heç bir təsir göstərə bilməz.