YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Şabran rayon təşkilatının IX hesabat konfransı keçirilib

Sentyabrın 7-də Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.

Əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyovun hesabat məruzəsi dinlənilib. Bildirib ki, bu gün YAP Azərbaycan cəmiyyətinin həm siyasi, həm iqtisadi, həm sosial, həm də mədəni həyatında uğurlu layihələrlə, həmçinin, ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayır. Qələbələr partiyası olan YAP zəngin və şərəfli inkişaf yoluna malikdir.

M.Balabəyov qeyd edib ki, hazırda YAP Şabran rayon təşkilatı 76 ərazi ilk partiya təşkilatında 5704 üzvü birləşdirir. Onların 2877 nəfəri qadınlar, 2347 nəfəri isə gənclərdir. 

Sonra YAP Şabran rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Əmircan Ocaqov hesabat məruzəsi ilə çıxış edib. 

Müzakirələr zamanı çıxış edən YAP Şabran rayon təşkilatının sədr müavini Füzuli Hüseynov, rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Turan İsgəndərova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov, partiya üzvü Xalidə Əliyeva hesabat dövründə görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyası yeniliyə, təkmilləşməyə xüsusi önəm verərək, fəaliyyətini dövrün, zamanın tələblərinə uyğun qurur, yeni reallıqların qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirmək üçün bütün qüvvə və səylərini səfərbər edir. Partiyanın VII Qurultayı tarixi Zəfərimizdən sonrakı dövrə təsadüf etdiyi üçün yeni hədəflərə uyğun qəbul edilən qərarlar istər ölkəmizin, istərsə də partiyamızın həyatında olduqca əhəmiyyətlidir. Azərbaycanın həyatında yeni mərhələ başlayıb. Ərazi bütövlüyümüzün bərpa olunması, tarixi torpaqlarımızın öz sahibinə qaytarılması qürurverici olmaqla yanaşı, daha böyük işlərə, qələbəmizin nəticələrini möhkəmləndirməyə çağırış edir”. 

Dünyaya səs salan, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandıran Zəfərimizin yaratdığı reallıqların gerçəkləşməsində Yeni Azərbaycan Partiyasının rolundan bəhs edən Ə.Tağıyev YAP Şabran rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda YAP Şabran rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.