YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Quba rayon təşkilatının XI hesabat konfrası keçirilib

Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Quba rayon təşkilatının sədri Yusif Abidovun hesabat məruzəsi dinlənilib. Bildirib ki, rayon təşkilatının X konfransından keçən 3 ildən artıq müddət ərzində ölkəmizin həyatında mühüm uğurlar əldə edilib, iqtisadi, sosial və digər sahələrdə əsaslı irəliləyişlər olunub, Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib, beynəlxalq nüfuzu xeyli artıb. Yeni Azərbaycan Partiyasının sədri, ulu öndər Heydər Əliyev ideyalarının və onun siyası kursunun qətiyyətli davamçısı, ölkə prezidenti İlham Əliyevin  çoxşaxəli səmərəli fəaliyyəti YAP-ın aparıcı mövqeyini daha da möhkəmləndirir.

Y.Abidov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı 91 ərazi ilk partiya təşkilatında 9040 üzvü birləşdirir. Onların 3678 nəfəri qadınlar, 1307 nəfəri isə gənclərdir. X konfransdan ötən dövr ərzində rayon təşkilatının sıralarına 3077 nəfər üzv qəbul edilib.  

Sonra YAP Quba rayon təşkilatının Nəzarət-Təftiş Qrupu sədri Cəlal Qəribovun hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Milli Məclisin deputatı Vahid Əhmədov, YAP Quba rayon təşkilatının Şura üzvləri - Elza Orucova və Habil Bayramlı, rayon təşkilatının Qadınlar Şurasının sədri Aysel Şeydayeva hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyasının Qurultaylarında qəbul edilən tarixi qərarlar ölkəmızın ictimai-siyasi həyatına yeniliklər gətirib, gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Vurğulayıb ki, VII Qurultayda qəbul olunan qərarlar, dövlət başçısı və partiyamızın Sədri cənab İlham Əliyevin nitqində qarşıya qoyulan vəzifələr göstərir ki, hər zaman siyasi proseslərin önündə olan Yeni Azərbaycan Partiyası 30 illik yubileyinə daha fəal, yeni keyfiyyətdə qədəm qoyur və fəaliyyətini yeni tələblərə uyğun quraraq bundan sonra da qarşısında dayanan vəzifələrin öhdəsindən layiqincə gələcək.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində yazdığı yeni tarixdən geniş bəhs edən Ə.Tağıyev YAP Quba rayon təşkilatının gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Konfransda YAP Quba rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.