YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Siyəzən rayon təşkilatının VIII hesabat konfransı keçirilib

Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının videoformatda VIII hesabat konfransı keçirilib.

Əvvəlcə Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərovun hesabat məruzəsi dinlənilib. Bildirib ki, dövlət müstəqilliyimizi möhkəmləndirmək, ərazi bütövlüyümüzü bərpa etmək, Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxarmağı qarşısına məqsəd qoyan Yeni Azərbaycan Partiyası ötən 29 ildə böyük nailiyyətlər qazanıb. YAP qısa zaman çərçivəsində ümumxalq rəğbətini qazanıb.

 E.Heydərov qeyd edib ki, hazırda YAP Siyəzən rayon təşkilatının 41 ərazi ilk partiya təşkilatında 3670 nəfər üzv birləşib. Onlardan 1633 nəfəri qadınlar, 562 nəfəri isə gənclərdir. Hesabat dövrü ərzində rayon təşkilatına 227 nəfər üzv qəbul edilib ki, onların da əksəriyyətini gənclər təşkil edir.                                     

Sonra YAP Siyəzən rayon təşkilatının Nəzarət Təftiş Qrupunun sədri Rəsul Əlibəyovun hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, rayon təşkilatının Şura üzvü, Gilgilçay qəsəbə məktəbinin direktoru Samir Baxşıyev, təşkilatın Qadınlar Şurasının sədri, Siyəzən rayon Mərkəzi Kitabxanasının şöbə müdiri Ramilə Seyidova, rayon təşkilatı  Gənclər Birliyinin sədri Elvin Kərimov hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, bütün dünyanın diqqəti Azərbaycandadır: “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun şücaəti sayəsində 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız işğaldan azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Regionda və dünyada yeni reallıqlar yaradan tarixi Zəfərimiz ölkə daxilində də yeni hədəflərə yol açdı. Ali Baş Komandan İlham Əliyev bəyan etdi ki, yeni hədəflərimiz qələbəmizi daha da möhkəmləndirmək, Azərbaycanın təhlükəsizliyini təmin etmək, işğaldan azad olunmuş torpaqları yenidən qurmaq, bərpa etmək və Ermənistanın revanşist qüvvələrinin baş qaldırmasına imkan verməməkdir. Azərbaycan bu hədəflərə də uğurla çatacaq".

Ə.Tağıyev Yeni Azərbaycan Partiyasının qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunmasında öz payı olduğunu önə çəkərək, YAP Siyəzən  rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda YAP Siyəzən rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.