YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: ABŞ-ın Ermənistandakı səfirinin səsləndirdiyi fikirlər ciddi qəbul edilmir

Məlum olduğu kimi, ABŞ-ın İrəvandakı səfiri Linni Treysi Azərbaycan tərəfinin qəti addımlarını artıq qaçılmaz edən bəyanat verib. Səfir xanımın dediklərindən: “Biz ABŞ olaraq Azərbaycanı və Ermənistanı Minsk qrupu çərçivəsində danışıqların bərpasına cəlb etmək üçün hər şeyi edirik… Biz hesab etmirik ki, Dağlıq Qarabağın statusu həll edilib. Status məsələsi Minsk qrupunun gündəmində hələ də dayanır”.

“Tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etmək mandatı ATƏT-in Minsk qrupu həmsədrlərinə həvalə edilsə də, onlar tərəfindən bu istiqamətdə konkret bir iş görülmədi, işğal və hərbi cinayət törətmiş Ermənistana qarşı da heç bir təzyiq göstərilmədi”.

Bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdiyini qeyd edən N.Həmzəyev bildirib ki, işğalçı ölkə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymaması ilə yanaşı, hətta onlar buna görə cəzalandırılmadı: “Hər dəfə Prezident İlham Əliyev çıxışlarında bununla bağlı qeyd edirdi ki, biz münaqişənin həll edilməməsinə razı deyilik, biz susmayacağıq, əgər problem sülh yolu ilə həllin tapmırsa biz müharibə yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Bu cür də oldu. Belə ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu əks hücuma başladı və müharibə yolu ilə torpaqlarını işğaldan azad etdi. Bununla da erməni terroristləri, faşistləri ərazilərimizdən qovuldu. Göründüyü kimi, 30 ilə yaxın müddət ərzində ATƏT-in Minsk qrupunun edə bilmədiyini Azərbaycan Ordusu 44 gün ərzində etdi. Beləliklə, ərazi bütövlüyümüz bərpa edildi. Bütün bunlarla yanaşı, biz Azərbaycan ərazisində yaşayan erməni əsilli vətəndaşlara da ölkəmizin qanun və qaydaları çərçivəsində yaşamaq hüququ verdik. Sözsüz ki, burada onların yeganə çıxış yolu məhz Azərbaycana sığınmaq və onun qanunları çərçivəsində yaşamaqdır”.

Deputat onu da qeyd edib ki, Ermənistan tərəfi məğlubiyyətlə barışmaq istəmir: “Onlar hər vəchlə müxtəlif versiyalar, ideyalar irəli sürməkdədirlər. Xüsusilə də ATƏT-in Minsk qrupunun fəaliyyətini yenidən canlandırmağa cəhd göstərirlər. Bununla da onlar hazırkı vəziyyəti uzatmaqla münaqişənin nə zamansa yenidən alovlanması ilə vəziyyəti öz xeyirlərinə dəyişməyi düşünürlər. Ancaq bildiyimiz kimi, Azərbaycan mövqeyini ortaya qoyub. Ölkəmizin bütün sərhədboyu əraziləri güclənir. Bütün strateji zirvələr Azərbaycanın nəzarəti altındadır. Ən əsası da Azərbaycan 44 günlük Vətən müharibəsində nəyə qadir olduğunu ortaya qoydu. Artıq Azərbaycan qalib və diktə edən tərəfdir. Bu baxımdan, ABŞ-ın Ermənistandakı səfirinin səsləndirdiyi fikirlər heç də reallığı əks etdirmir və bizim tərəfimizdən də ciddi qəbul edilmir. Çünki biz münaqişənin sona çatdığını dəfələrlə qeyd etmişik. Bu arada biz ATƏT-in Minsk qrupunun həmsədrlərindən də real addımlar görmədik. Beləcə, Azərbaycan təkbaşına bu işi öz öhdəsinə götürdü. Hətta regionun əsas aparıcı dövlətləri olan Rusiya və Türkiyə də ölkəmizin mövqeyini dəstəklədilər. Artıq regionda yeni reallıqlar yaranıb. Bu reallıqlar Azərbaycanın da təklif etdiyi kimi, “3+3” formatında daha real inkişaf edə bilər. Sözsüz ki, burada Ermənistanın da yeganə çıxış yolu Azərbaycanın ərazi bütövlüyünü tanımaq, ölkəmizin sərhədlərinin tanınması prosesinə start vermək və sülh müqaviləsini imzalamaqdır. Əks təqdirdə bu, heç də işğalçı ölkənin xeyrinə olmaz”.