YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Azərbaycan dövləti özünün daxili həyatını azad mediasız təsəvvür etmir

"Sizi - Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçirilən növbəti iclasının iştirakçılarını və AZƏRTAC-ın 95 illik yubileyi mərasimində iştirak edən yaxın-uzaq xarici ölkələrin informasiya agentliklərinin rəhbərlərini qədim tarixi və zəngin mədəniyyətə, demokratik ənənələrə malik Azərbaycanın paytaxtında salamlayıram. Bildiyiniz kimi, Dünya Xəbər Agentliklərinin V Konqresinin 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin noyabrında Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda – qurumun IV Konqresində qəbul olunub. Qərara əsasən, AZƏRTAC 2016-2019-cu illərdə Konqresə sədrlik edəcək. Azərbaycana göstərilən bu yüksək etimada görə Konqres Şurasının və üzv agentliklərin rəhbərlərinə minnətdarlığımı bildirirəm". Bu sözləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda keçirilən Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) iclası və AZƏRTAC-ın 95 illik yubileyi mərasimində çıxışı zamanı deyib.

Əli Həsənov bildirib ki, həmçinin 2016-cı ildə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası Dünya Xəbər Agentliklərinin V Konqresi ilə eyni vaxtda Bakıda keçiriləcək OANA da UNESCO-nun qərarı ilə yaradılan nüfuzlu beynəlxalq media qurumlarından biridir: "OANA-nın növbəti Baş Assambleyasının Azərbaycanda keçirilməsi barədə qərar 2013-cü ilin sentyabrında Moskva toplantısında qəbul olunub. Biz bu qərarları Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasının, həmçinin ölkənin milli informasiya agentliyi olan AZƏRTAC-ın dünya informasiya məkanına inteqrasiyasının daha bir təsdiqi kimi qiymətləndiririk.”

Əli Həsənov qeyd etmişdir ki, Azərbaycan tarixən Şərq ilə Qərbin, sivilizasiyaların qovuşduğu və bütün dövrlərdə yüksək tolerantlığı, qonaqpərvərliyi ilə tanınan ölkədir. Azərbaycan həm də müsəlman Şərqində 97 il əvvəl parlamentli ilk demokratik respublikanın qurulduğu, 142 il əvvəl ilk dünyəvi teatrın, 107 il əvvəl ilk operanın yarandığı, 140 il əvvəl ilk qəzetin nəşrə, 95 il əvvəl isə ilk milli informasiya agentliyinin fəaliyyətə başladığı ölkədir.
Əli Həsənov xatırladıb ki, 1998-ci ildə mətbuat üzərində senzura ləğv edildi. Daha bir il sonra “Kütləvi İnformasiya Vasitələri haqqında” Avropa standartlarına cavab verən Qanun qəbul olundu: "Bu demokratik islahatlar sırasına, həmçinin mətbuatın fəaliyyətinə nəzarət funksiyasını həyata keçirən nazirliyin ləğv olunması, “Televiziya və radio yayımı haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunların qəbul edilməsi və digər tədbirlər daxildir. 2008-ci ildə media ilə bağlı daha bir mühüm hüquqi sənəd qüvvəyə mindi. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” adlanan bu sənəddə fikir, söz və mətbuat azadlığının inkişaf etdirilməsinin əsas müddəaları əksini tapıb. Bütün bunları sadalamaqda məqsədim odur ki, Azərbaycanda azad, demokratik, dünyəvi informasiya mühiti formalaşdırılması istiqamətində davamlı və məqsədyönlü iş aparıldığı barədə sizdə aydın təsəvvür yaransın. İndi Azərbaycan dövləti özünün daxili həyatını azad mediasız təsəvvür etmir. Hazırda ölkə mediası tam sərbəstdir və istənilən mövzuda yaza bilir, istədiyi məsələni qaldırır, ictimai müzakirəyə çıxarır".
Ə.Həsənov daha sonra bildirib ki, bu  gün dünyada gedən qloballaşma proseslərində müasir media qarşısında mühüm vəzifələr durur. Onlar müəyyən problemlərlə, deyərdim ki, bəzən hətta ciddi, taleyüklü problemlərlə qarşılaşırlar. Kəskin rəqabət gedir. Əlbəttə, media qurumları arasında rəqabət təbiidir. Amma gərək bu rəqabət sağlam zəmin üzərində aparılsın, dünyada qəbul edilən dəyərləri gözdən salmağa deyil, onları daha da zənginləşdirməyə yönəlsin. Təəssüf ki, bəzən biz bunun əksi ilə qarşılaşmalı oluruq. Dünyada cərəyan edən hadisələr hətta çox nüfuzlu xəbər agentlikləri tərəfindən müxtəlif rakursda işıqlandırılır, siyasi mənafelərə uyğun şəkildə təqdim olunur. Bir sıra hallarda mediaya yoxlanılmamış və ya qərəzli informasiya, yaxud sifariş xarakterli informasiya yol tapır. Bu isə beynəlxalq aləmdə ikitərəfli münasibətlərə zərər vurur.
Onun sözlərinə görə, müxtəlif media qurumlarının, xəbər agentliklərinin əlbəttə, öz informasiya siyasəti var: "Bu belə də olmalıdır. Lakin obyektivlik, qərəzsizlik, faktın dəqiqliyi jurnalistika üçün çox vacibdir. Biz yalnız bu halda sağlam düşüncəyə əsaslanan ümumi anlaşmaya nail ola bilərik. Bu, xüsusən indi – bəşəriyyətin siyasi qarşıdurmalar, terrorizm, separatçılıq, dini ekstremizm, transmilli cinayətkarlıq kimi təhlükələrlə üzləşdiyi bir vaxtda daha vacibdir. İnsanların obyektiv informasiya ala bilməsi onlara təkcə öz ölkələrində deyil, həm də ümumən dünyada baş verən hadisələri doğru-düzgün qiymətləndirmək imkanı verir.”