YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının 3-cü iclası keçirilib

Martın 2-də Bakıda, “Four Seasons” otelində Dünya Xəbər Agentlikləri Konqresi Şurasının 3-cü iclası keçirilib.
İclasda 2016-cı ildə Bakıda AZƏRTAC-ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq işləri müzakirə olunub.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq işlərinin plana uyğun həyata keçirildiyini, qurumun baş katibliyi və Şuranın digər üzvləri ilə sıx şəkildə müzakirələrin aparıldığını qeyd etdi. Baş direktor əminliklə bildirdi ki, AZƏRTAC bu Konqresin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirləri görəcək.
Dünya Xəbər Agentlikləri Konqresinin sədri və Səudiyyə Xəbər Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn gələn il AZƏRTAC-ın ev sahibliyi ilə keçiriləcək V Konqresin təşkilatı işlərinin gedişinin lazımi səviyyədə olduğunu bildirdi. O, bir çox məsələlərdə SPA-nın Konqresin keçirilməsi ilə bağlı təcrübəsini bölüşməyə hazır olduğunu qeyd etdi.
İclasda, həmçinin Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov, baş direktorun birinci müavini Mixail Qusman, Reuters xəbər agentliyinin Avropa üzrə vitse-prezidenti Yoaxim Şmalts, Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski, Dünya Xəbər Agentlikləri Konqresinin baş katibi Uffe Riis Sorensen, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Erik Naylen, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi Fərid Əyyar, Argentinanın TELAM agentliyinin institusional əlaqələrin inkişafı üzrə meneceri Jan Manuel Fonruj və Türkiyənin Anadolu agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Ercan Göçer iştirak ediblər.
İclasda növbəti Konqresin keçiriləcəyi vaxtın, məruzəçilərin və iştirakçıların tərkibinin, panel iclaslarının mövzularının müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Xatırladaq ki, Dünya Xəbər Agentliklərinin V Konqresinin 2016-cı ildə Bakıda keçirilməsi və 2016-2019-cu illərdə quruma AZƏRTAC-ın sədrlik etməsi haqqında qərar 2013-cü il noyabrın 20-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin və beynəlxalq informasiya təşkilatlarının, həmçinin SKY News Arabia, Los-Anceles Times, Guardian, BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərlərinin iştirak etdikləri IV Konqresdə qəbul olunub.
Dünyanın müxtəlif ölkələrindən xəbər agentliklərinin daxil olduğu bu beynəlxalq qurumun əsas məqsədi qərəzsiz xəbər çatdırılmasını, mətbuat azadlığı prinsipini, xəbər agentliklərinin inkişafını dəstəkləmək, media biznesində qabaqcıl təcrübəni bölüşmək, rəqəmsallaşma, sosial media və alternativ biznes modellərini təkmilləşdirmək işinə yardım etməkdir.
Dünya Xəbər Agentliklərinin əvvəlki dörd konqresi Rusiya, İspaniya, Argentina və Səudiyyə Ərəbistanında keçirilib.