YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Britaniya Azərbaycanın enerji sektoruna və SOCAR-la əməkdaşlığa böyük önəm verir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə R.Abdullayev Avropanın enerji təhlükəsizliyində Azərbaycanın getdikcə daha mühüm yer tutduğunu və bu istiqamətdə həyata keçirilən layihələr sırasında “Cənub” qaz dəhlizinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Qəbul üçün təşəkkürünü bildirən professor Çarlz Hendri budəfəki səfərində əsas məqsədin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında” Anlaşma Memorandumunun imzalanması olduğunu söyləyib. Cənab Hendri Böyük Britaniyanın Azərbaycan enerji sektoruna, xüsusilə də SOCAR ilə əməkdaşlığa böyük maraq göstərdiyini, bp və digər şirkətlərin ölkəmizdəki fəaliyyətlərinə böyük önəm verdiyini vurğulayıb. O, həmçinin Azərbaycanın 2003-cü ildən etibarən Böyük Britaniyanın Baş naziri tərəfindən irəli sürülmüş “Təbii Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü”nə qoşulduğunu qeyd edib, bu istiqamətdə SOCAR tərəfindən atılan addımları yüksək qiymətləndirib.
SOCAR-ın prezidenti isə son illər Azərbaycanın neft-qaz sənayesində qazanılmış nailiyyətlər, regional və qlobal əhəmiyyətli birgə layihələrin gedişi haqqında ətraflı söz açıb. Böyük Britaniya nümayəndə heyətinin görüşdə iştirak edən üzvləri SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrə şirkətləri tərəfindən böyük maraq göstərildiyini söyləyiblər.
Görüşdə Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıq imkanlarının böyük olması və bu imkanlardan istifadə etmək üçün hər iki tərəfin səy göstərdiyi vurğulanıb.