YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA-nın mənzil-qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş sərgi açılıb

Dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi ilə əlaqədar Strasburqda Avropa Şurasının mənzil-qərargahında sərgi açılıb.

Sərgi Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Nizami Gəncəvi ili” çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi tərəfindən təşkil edilib.

Sərgidə Heydər Əliyev Fondu tərəfindən dərc edilmiş böyük mütəfəkkir və şairin fransız və ingilis dillərində kitabları, eləcə də sülh, ədalət, humanizm, yüksək əxlaq, azadlıq və bərabərlik kimi ideal və dəyərləri təbliğ etmiş dahi mütəfəkkirin “Xəmsə”sinə daxil olan poemaların motivləri əsasında çəkilmiş əsrarəngiz miniatürlər nümayiş olunur.

Xüsusi guşədə Nizami Gəncəvinin zəngin yaradıcılığından nümunələr və onun bəşər ədəbiyyatına misilsiz töhfəsi haqqında məlumatlar diqqətə çatdırılır.

Sərginin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası dövrünə təsadüf etməsi Strasburqda yerləşən diplomatik korpus və katiblik əməkdaşları ilə yanaşı, avropalı parlamentarilərin və digər qonaqların sərgi ilə tanış olmasına imkan verir. Artıq sərgi ziyarətçilər arasında böyük maraqla qarşılanmaqdadır.

Tədbiri giriş sözü ilə açan Avropa Şurası yanında Daimi nümayəndə, səfir Fəxrəddin İsmayılov böyük mütəfəkkir və şairə həsr edilmiş sərgi haqqında məlumat verib. Sonra nümayəndə heyətimizin üzvü, akademik Rafael Hüseynov Nizami Gəncəvi əsərlərinə həsr edilmiş sərginin böyük əhəmiyyət daşıdığını vurğulayb. Bildirib ki, XII əsrdə Nizaminin təbliğ etdiyi və aşıladığı dəyərlər, məhz bu gün Avropa Şurasının təbliğ etdiyi dəyərlərdir.

Böyük mütəfəkkir və şairin büstü də sərgidə nümayiş olunur.

COVID-19 pandemiyasının sanitar qaydalarına uyğun keçirilən sərgidə AŞPA-dakı nümayəndə heyətimizin üzvləri də iştirak ediblər.

Sərgi oktyabrın 8-ə qədər AŞPA mənzil-qərargahında ictimaiyyətə açıq olacaq.