YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Mərkəzi Aparatında “Gender bərabərliyi və gender münasibətləri: Mövcud vəziyyət və prioritet istiqamətlər” mövzusunda videokonfrans keçirilib

Sentyabrın 29-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Gender bərabərliyi və gender münasibətləri: Mövcud vəziyyət və prioritet istiqamətlər” mövzusunda videokonfrans keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, Azərbaycanda uğurlu dövlət gender siyasəti həyata keçirilir. Azərbaycanda gender məsələlərinin xalqımızın ümummilli lideri Heydər Əliyevin hər zaman diqqət mərkəzində olduğunu xatırladan Sədaqət Qəhrəmanova vurğulayıb ki, ulu öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində qadınlara göstərilən diqqət və qayğının artdığının şahidi olmuşuq. Məhz Onun ölkəmizə rəhbərliyi dövründə Azərbaycan qadınları cəmiyyət həyatının müxtəlif sahələrində öz sözlərini deyə biliblər. Dövlət gender siyasətinin əsası da Ulu Öndərimiz tərəfindən qoyulub. Ulu öndərin fərmanı ilə 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, 2000-ci ildə dövlət qadın siyasəti ilə bağlı fərmanın imzalanması bu sahəyə xüsusi diqqətin ifadəsidir.

Onun sözlərinə görə, Ulu Öndərimizin müəyyənləşdirdiyi bu siyasət Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə, dövlətimizin başçısının müvafiq fərmanı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması böyük əhəmiyyət kəsb edir. Heydər Əliyev ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyini, qayğısını hər zaman hiss edirlər. Göründüyü kimi, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bu gün ölkəmizdə gender bərabərliyi diqqət mərkəzindədir və qadınlarımız da  cəmiyyətizin aparıcı hissəsinə çevrilib. Azərbaycan qadını kişilərlə yanaşı ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir.

Tədbirdə həmçinin AMEA-nın  Fəlsəfə İnstitutunun  "Müasir Siyasətin fəlsəfəsi" şöbəsinin müdiri, professor Rəna Mirzəzadə "Siyasi partiyaların fəaliyyətində gender bərabərliyi",  "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri Mais Əliyev "Əmək hüquqları və gender bərabərliyi",  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Sosial Analitik Araşdırmalar şöbəsinin müdiri, BMT-nin SEDAW komitəsinin sədr müavini Elgün Səfərov "Gender stereotipləri və onlarla mübarizə yolları" və  Sabunçu rayon İcra Hakimiyyəti  başçısının müavini Rəna Fərəcova "Gender zorakılığı və uşaqlara qarşı zorakılıq" mövzularında çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, hazırda həyata keçirilən gender siyasəti nəticəsində ölkəmizdə qadınların hərtərəfli inkişafı üçün zəruri şərait yaradılıb. Gənc nəslin tərbiyəsi, savadı, mədəniyyəti, zehni inkişafı, vətənpərvərliyi qadınlardan da çox asılıdır. Qadınlar kişilərlə bərabər  ölkənin ictimai həyatında, iqtisadiyyat, mədəniyyət, elm, incəsənətin və digər  sahələrdə da uğurla çalışırlar. Bu gün elə bir sahə tapmaq olmaz ki, orada qadın əməyi təmsil olunmasın. Bütün bunlar isə Azərbaycanda gender siyasətinin uğurlarıdır.

Çıxışlarda həmçinin, ölkəmizdə məişət zorakılığının qarşısının alınması istiqamətdə görülən işlərdən və bu yöndə mövcud qanunvericilik bazasının önəmindən bəhs olunub.

Sonra tədbir diskussiya şəraitində davam edib, videokonfrans iştirakçılarının sualları cavablandırılıb.