YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyə hərbi sahədə əlaqələri daha da genişləndirmək niyyətindədir

Martın 4-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri Komandanı, ordu generalı Akın Öztürk ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ordu generalı A.Öztürkün rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını, o cümlədən Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Sonra ordu generalı A.Öztürkün Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Protokola uyğun olaraq Hərbi Hava Qüvvələri Komandanı Şərəf Kitabına ürək sözlərini yazıb.
Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə müdafiə naziri, general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq, Azərbaycanla Türkiyə arasında əməkdaşlığın dostluq-qardaşlıq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib.
Müdafiə naziri ölkələrimiz arasında hərbi əməkdaşlıq planına əsasən ötən il Azərbaycanda, hazırda isə Türkiyədə keçirilən Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin təcrübə toplanılması baxımından əhəmiyyətini qeyd edərək bu sahədə əlaqələrin daha da genişləndirilməsini xüsusi vurğulayıb.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın regional sabitliyə ciddi təhlükə yaratdığını, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları əsasında həllinə nail olunmasının vacibliyini bildirib.
Ordu generalı A.Öztürk də dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq münasibətlərinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.
Sonra Azərbaycan-Türkiyə hərbi əlaqələri və qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşqun iştirak edib.