YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev – milli maraqlarımızın təminatçısı

Vahid NOVRUZOV,

YAP Veteranlar Şurasının üzvü,

Azərbaycan Respublikası

Auditorlar Palatasının sədri,

iqtisad elmləri doktoru, professor

Azərbaycan xalqı 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu və onun alternativsiz davamçısı olan cənab İlham Əliyevə etimad göstərməklə, davamlı inkişafımıza, tərəqqimizə dəstək verdiyini göstərdi. Cənab İlham Əliyev isə hər bir azərbaycanlının prezidenti olduğunu real işi ilə sübuta yetirərək, apardığı sistemli və kompleks islahatlarla xalqın yüksək rəğbət və məhəbbətini  qazanmışdır.

Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində cənab İlham Əliyev özünün sosial-iqtisadi platformasını açıqlayarkən ölkəmizin dinamik inkişafı, iqtisadiyyatımızın dünya iqtisadi sisteminə sıx inteqrasiyası üçün mühüm işlər həyata keçirəcəyini bəyan etmişdi. Prezident səlahiyyətlərinin icrasına başladığı vaxtdan az sonra cənab İlham Əliyevin ölkə iqtisadiyyatında müşahidə olunan dinamik inkişaf meyillərini daha da sürətləndirmək məqsədilə imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 2003-cü il 24 noyabr tarixli fərmanı mühüm əhəmiyyətli sənəd oldu. Bu sənəddə qeyri-neft sektorunun gücləndirilməsi, sahibkarlıq mühitinin genişləndirilməsi, ixrac qabiliyyətli müəssisələrin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi kimi məsələlər geniş əksini tapmışdı. Fərmanda, həmçinin, icra strukturlarının vətəndaşların qanuni tələblərinə və onların zəruri ehtiyaclarına diqqətlə yanaşması vacib məqam kimi göstərilmişdi.

Aradan illər keçəndən sonra birmənalı demək olar ki, düzgün müəyyən edilmiş iqtisadi siyasət prioritetləri dinamik inkişafı təmin etməklə, Azərbaycanı dünyanın qabaqcıl ölkələri sırasına, regionun lider ölkəsi mövqeyinə çıxarmışdır. İqtisadi inkişafın sürətləndirilməsinə hesablanan müxtəlif dövlət proqramlarının qəbul edilməsi və ardıcıllıqla  həyata keçirilməsi ötən müddət ərzində iqtisadiyyatımızın bütün sahələrində nəzərəçarpacaq tərəqqinin əldə edilməsi naminə həyata keçirilən siyasi kursun düzgünlüyünü sübuta yetirmişdir.

Ölkənin iqtisadi inkişafının davamlı olması Prezident İlham Əliyevin iqtisadi siyasətinin  təməl prinsipidir. Həm iqtisadi, həm də sosial istiqamətləri nəzərə alan Prezident strategiyası bu istiqamətlərin hər biri üzrə sinxron və əlaqələndirilmiş proqram həyata keçirməyi özündə ehtiva edir.  İnflyasiya tempinin məqbul səviyyədə saxlanması, valyuta  bazarında sabit və  proqnozlaşdırıla bilən vəziyyətin təmin edilməsi, valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə  artırılması və ağılla idarə edilməsi, dövlət idarəetmə sistemində struktur islahatlarının həyata keçirilməsi ölkəmizdə iqtisadi siyasətin mühüm tərkib hissəsini təşkil edir. Prezidentin müdrik siyasəti sayəsində neft və qaz gəlirlərindən həddən artıq asılılıq nəticəsində yarana biləcək iqtisadi  qeyri-sabitlik təhdidinin qarşısının alınması məqsədilə iqtisadi siyasət  iqtisadi  çoxşaxəliliyin təşviqinə yönəldilmişdir. Məhz  bunların nəticəsində sahibkarlıq fəaliyyətində mühüm inkişaf müşahidə olunmuş, iqtisadiyyatın liberallaşmasının dərinləşdirilməsi istiqamətində nailiyyətlər əldə edilmişdir. Eyni zamanda, iqtisadi artım əhalinin rifah səviyyəsinin artması üçün görülən konkret tədbirlər, struktur-texnoloji müasirləşmənin həyata keçirilməsi və ölkənin rəqabət  üstünlükləri sayəsində təmin edilmişdir. Sosial-iqtisadi  inkişafda yeni nailiyyətlərin əldə edilməsi həm də islahatların  düşünülmüş şəkildə aparılması, şəffaflığın təmin edilməsi, iqtisadiyyatın müasirləşməsi, sosial dəyişikliklərin keçirilməsinə kompleks yanaşma zəminində  baş vermişdir.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının uzunmüddətli dövrdə dayanıqlı və tarazlı inkişafının təmin edilməsində sərmayələrin cəlb edilməsi xüsusi rol oynamışdır. Özəl sərmayələrin dəstəyinə nail olmaq əlverişli sərmayə mühitinin yaxşılaşdırılması, şəxsi mülkiyyətin qorunması və  korporativ idarəetmənin  təkmilləşdirilməsi, mülkiyyət formasından asılı olmayaraq, bütün sərmayədarlar üçün daha əlverişli rəqabət mühitinin yaradılması, sərmayə fəaliyyətinin  normativ  hüquqi bazasının daha da təkmilləşdirilməsi, sərmayə axınının qeyri-neft sektorunun və regionların inkişafına yönəldilməsi ölkə Prezidentinin iqtisadi siyasətində  xüsusi diqqət çəkir. Azərbaycan Respublikasının tranzit  ölkə kimi potensialının gücləndirilməsinə, müasir texnologiyaların ölkəmizə gətirilməsinə və informasiya-telekommunikasiya sistemlərinin inkişafına xüsusi önəm verilir.

Müəyyən ümumiləşdirmə aparmaqla demək olar ki, tarixən qısa müddət ərzində keçid iqtisadiyyatını arxada qoymağa nail olmuş  ölkədə  həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi, Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaratmışdır və  bu model  dövlətimizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində mövqeyinin köklü surətdə möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir: ayrı-ayrı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında getdikcə mühüm rol oynayır.

Sosial-iqtisadi inkişafda yeni nailiyyətlərin əldə edilməsi islahatların düşünülmüş şəkildə aparılması, şəffaflığın təmin edilməsi, iqtisadiyyatın müasirləşməsi sosial dəyişikliklərin keçirilməsinə kompleks yanaşma zəminində baş vermişdir. Eyni zamanda, iqtisadi artım, əhalinin rifah səviyyəsinin yüksəlməsi üçün görülən konkret tədbirlər struktur-texnoloji müasirləşmənin həyata keçirilməsi və ölkənin rəqabət üstünlükləri sayəsində təmin edilmişdir.

İqtisadi müstəqilliyin mühüm bir təzahürü kimi  qiymətləndirilən beynəlxalq  ticarətdə  bərabərhüquqlu  tərəfdaş kimi çıxış etmək, beynəlxalq təşkilatlarla əməkdaşlıqda yalnız Azərbaycan xalqının  mənafeyini  yüksək tutmaq Prezident İlham Əliyevin iqtisadi  siyasətinin prioritet  istiqamətlərindən biridir. Hələ bir neçə illər öncə çıxışlarının birində dövlət başçımız demişdir: “Azərbaycan çox uğurla inkişaf edən ölkədir... Eyni zamanda, öz  prinsipiallığını qoruyan və möhkəmləndirən, müstəqil siyasət aparan ölkədir. Öz siyasətini Azərbaycan xalqının  maraqları əsasında  quran bir ölkədir”.

İqtisadi təhlükəsizlik baxımından, milli iqtisadiyyatın  dözümlülüyü və sabitliyinin mahiyyəti ölkə iqtisadiyyatının bütün elementlərinin etibarlılığını və bütün mülkiyyət formalarının müdafiəsini  nəzərdə tutur ki, bu sahə də Prezident İlham Əliyevin daim diqqət mərkəzində qalmaqdadır. Prezidentin fikrincə, “ İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət belə gedə bilməz. Biz ətrafda baş verən hadisələrə baxırıq, izləyirik, dünyada baş verən hadisələrə biganə qalmırıq. Görürük, o ölkələrdə ki, iqtisadi müstəqillik yoxdur, o ölkələr şantaj obyektinə çevrilir, o ölkələrə təzyiqlər göstərilir və o təzyiqlər nəticə verir. O ölkələr demək olar ki, xahiş edən ölkələr sırasındadır. Azərbaycan heç kimdən heç nə xahiş etməmişdir, etmir və etməyəcəkdir. Biz müstəqil siyasət aparırıq. Müstəqil siyasətin təməlində iqtisadi müstəqillikdir. İqtisadi müstəqilliyin yaradılması mənim üçün Prezident kimi ən vacib məsələlərdən biri idi.

Dünya təcrübəsi göstərir ki, demokratikləşmə  prosesləri, ümumilikdə dövlətin sütunlarının möhkəm olması, ilk növbədə, iqtisadi inkişaf proseslərinin səviyyəsindən və çevikliyindən asılıdır. Sabitlik və iqtisadi  inkişafın olmadığı şəraitdə demokratiya və vətəndaş cəmiyyəti barədə hər hansı bir söhbət gedə  bilməz. İqtisadiyyat elə bir bünövrədir ki, istənilən tərəqqi və  sabitlik  onun üzərində bərqərar olur. İqtisadi inkişaf cəmiyyətin tədricən demokratikləşməsi  üçün başlıca zəmindir. İstənilən dəyişikliklərin  demokratikliyini bəşər tarixi  həmişə  iqtisadi  planlaşdırmada  və iqtisadiyyatın təşkili üsullarında dəyişikliklər  əsasında  qiymətləndirmişdir.

Başqa sözlə, demokratiya və iqtisadiyyat birgə inkişaf  etməlidir. Onlardan hər hansı birinin azacıq ləngiməsi, istər-istəməz, qeyri-sabitliyə və balansın pozulmasına gətirib çıxarır. Prezident İlham Əliyevin sözləri ilə desək, “iqtisadi artım və cəmiyyətin demokratikləşməsi siyasətimizin  əsas elementləridir və  biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü ola bilərsən, amma  demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan hüquqları  qorunmursa, uğur qazana bilməzsən”.

2013-cü il oktyabrın 19-da  andiçmə mərasimindəki nitqində cənab İlham Əliyev demişdir: “Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır. Son on ilin təcrübəsi onu göstərir ki, “xalq”, “millət” anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimiz müstəqilliyin möhkəmlənməsinə istiqamətləndirilibdir. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiq yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir. Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir.  ...Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi, dönməz edək”.

Dövlət başçısının bu inamına və  nikbinliyinə hər bir azərbaycanlı qəlbən şərik çıxır!..

Şanlı qələbəmizin əsaslarından danışarkən qeyd etmək lazımdır ki, məhz daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, biz siyasi iradə göstərərək, birlik göstərərək bütün cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə və sübut etdik ki, heç kim bizim işimizə qarışa bilməz. Möhtərəm Prezidentin də qeyd etdiyi kimi, əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğaldan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar qəsbkarların əlində əbədi qalsın. Dövlət başçısının güclü siyasi iradəsi və xalq-iqtidar birliyi bu planları da alt-üst etdi.