YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qordan Qrliç: Xorvatiya Azərbaycanın əldə etdiyi uğurlara sevinir

Milli Məclisin sədri Sahibə Qafarova Xorvatiya Respublikasının xarici və Avropa işləri naziri Qordan Qrliçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, qonaqları salamlayan parlamentin sədri Azərbaycanın Xorvatiya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib. Qeyd edilib ki, ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəyə qalxmasında dövlət başçılarımızın qarşılıqlı səfərlərinin və görüşlərinin əhəmiyyəti böyükdür. Bu görüşlər zamanı aparılan danışıqlar və imzalanmış sənədlər münasibətlərimizin möhkəm təməllər üzərində inkişafına yaxşı zəmin yaradıb.

Sahibə Qafarova bildirib ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq iqtisadi münasibətlərə də müsbət təsirini göstərməkdədir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verdiyini söyləyən Milli Məclisin sədri əlavə edib ki, bölgədə həyata keçirilən nəqliyyat layihələri ölkəmizin bu infrastrukturundan və tranzit imkanlarından istifadə üçün yeni imkanlar açır. S.Qafarova dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu vurğulayıb. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb.

Vətən müharibəsində Azərbaycanın Zəfərindən söz açan Sahibə Qafarova rəşadətli Ordumuzun 30 il Ermənistanın işğalı altında olan torpaqlarımızı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad etdiyini və ərazi bütövlüyümüzün öz gücümüzə bərpasına nail olduğumuzu söyləyib. Bununla ölkəmiz BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsini yerinə yetirib. Milli Məclisin sədri deyib ki, 30 il erməni işğalı altında olan torpaqlarımızda bütün şəhər və qəsəbələr dağıdılıb, viran qoyulub. Bu gün bu ərazilərdə bərpa və quruculuq işləri aparılır. Ermənistan isə təxribatlardan əl çəkmir, sərhədlərin delimitasiya prosesinə mane olmağa çalışır, minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir.

Səmimi görüşə görə minnətdarlığını bildirən Xorvatiya Respublikasının Xarici və Avropa işləri naziri Qordan Qrliç ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirilib ki, Xorvatiya Azərbaycanla əlaqələrin dərinləşməsinə böyük maraq göstərir. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimiz getdikcə genişlənir. Parlamentlər səviyyəsində əməkdaşlığımızın daha da dərinləşməsi, deputatlarımızın mütəmadi qarşılıqlı səfərləri və görüşləri ümumi məqsədlərə xidmət edir. Xorvatiya Azərbaycanın əldə etdiyi uğurlara sevinir. Bu gün iki ölkə arasında təkcə enerji sektorunda deyil, kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar sahələrində də əməkdaşlıq üçün geniş imkanlar var.

Söhbət zamanı Milli Məclisin Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Könül Nurullayeva, Milli Məclisin komitə sədri Tahir Mirkişili çıxış edərək ölkələrimiz arasında əməkdaşlıq barədə fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç və digər rəsmi şəxslər iştirak ediblər.