YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan Azərbaycanın ona tanıdığı tarixi şansı dəyərləndirə bilsə, iflasdan və kollapsdan yayına biləcək

“Vətən müharibəsində Azərbaycanın parlaq zəfər qazanmasından sonra Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirdi. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Bəyanatı imzalanmaqla Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu. Azərbaycan Silahlı Qüvvələrinin 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etməsindən sonra üçtərəfli Bəyanata müvafiq olaraq, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Beləliklə də, Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll etdi”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, bu gün Azərbaycan qalib ölkə kimi Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır:Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında çıxışında bir daha qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinin təfərrüatlarının müəyyən edilməsi üçün Ermənistanla danışıqların aparılmasına hazırdır. Ümid edirik ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək”.

“Ermənistan Azərbaycanın ona tanıdığı tarixi şansı dəyərləndirə bilsə, iflasdan və kollapsdan yayına biləcək” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Qarabağın, Şərqi Zəngəzurun bərpası, Zəngəzur dəhlizinin işə düşməsi bütövlükdə region üçün inkişaf, əməkdaşlıq və təhlükəsizlik şəraiti yaradacaq: “Ermənistan son 30 il ərzində Azərbaycanın işğaldan azad olunmuş ərazilərini minalayıb, bütün binalar, tarixi abidələr dağıdılıb, 67 məsciddən 65-ini tamamilə məhv ediblər. Eyni zamanda, Füzuli, Ağdam, Cəbrayıl rayonlarında demək olar ki, bütün binalar və evlər yerlə-yeksan edilib. Təsadüfi deyil ki, Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır. Hətta, təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş Azərbaycan ərazisi narkotrafik üçün istifadə olunub. Bütün bunlar əlbəttə ki, etimad, restavrasiya və bərpa tədbirlərinin görülməsini tələb edir. Bunun üçün isə Ermənistan real vəziyyəti düzgün təhlil etməli, dəyərləndirməli və Azərbaycanla münasibətlərini normallaşdırmasına çalışmalıdır. Yalnız bu cür mövqe ilə İrəvanın perspektiv xaos və kollapsdan qaçması mümkün olacaq”.