YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Reklam haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib

Martın 10-da Milli Məclisin iqtisadi siyasət komitəsinin iclası keçirilib.
İclasda “Reklam haqqında” Azərbaycan Respublikasının qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Komitə sədri Ziyad Səmədzadə bildirib ki, 17 il bundan əvvəl qəbul edilmiş qanunda dövrün tələblərinə uyğun dəyişikliklər edilməsi zərurəti yaranıb.
Məlumat verilib ki, Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olunmuş qanun layihəsində yenidən edilən dəyişikliklərdə Azərbaycan dilinin normalarına uyğunluq tələbi əsas götürülən məsələlərdən biridir. Eyni zamanda, qanun layihəsində sosial reklam anlayışına, onun hazırlanması və yayımlanması qaydalarına aydınlıq gətirilib. Belə ki, dəyişikliyə əsasən Azərbaycanda bütün reklam yayımçıları ümumi reklam vaxtının, nəşrlərdəki reklam yerlərinin, reklam qurğularının ən azı 8 faizini sosial reklamlar üçün ayırmağa məcbur ediləcəklər. Mövcud qanunvericilikdə isə bu rəqəm 5 faiz müəyyən edilib.

Bildirilib ki, sənəddə dövlət büdcəsindən maliyyələşən reklam istehsalçıları, reklam yayımçıları və reklam agentləri tərəfindən sosial reklamın ödənişsiz, özəl qurumlar tərəfindən isə ödənişli əsaslarla istehsal edilməsi və yayımlanması təsbit edilib.
Qanun layihəsində edilmiş dəyişikliklərə görə teleradioda sosial reklamların vaxtı saat 9:00-dan saat 24:00-a qədər müəyyən edilib.
Layihədə idman mərc oyunlarının reklamlarının vaxtına da məhdudiyyət qoyulur. Belə ki, bu qəbildən olan reklamlar saat 23:00-dan 7-00-dək yayımlana biləcək. Tərkibində 5 faizdən yuxarı alkoqol olan içkilərin reklamının yayımlanma vaxtına da məhdudiyyət qoyulub və dövrü nəşrlərin üz, arxa qapağında belə reklamların yerləşdirilməsi qadağan edilib.
Qeyd olunub ki, yol hərəkətinin iştirakçıları üçün təhlükə yaranmasının qarşısını almaq məqsədi ilə nəqliyyat vasitələrində reklam yalnız yan tərəfdə yerləşdiriləcək.
Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.