YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Kəlbəcərin azad olunmasının birinci ildönümüdür

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,

 professor Hicran Hüseynova

27 ildən sonra azadlığına qovuşan rayonlarımızdan biri də Kəlbəcərdir. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də isə Kəlbəcər Azərbaycan tərəfinə təhfil verilib.  BMT-nin 30 ilə yaxındır ki, kağız üzərində qalan qətnamələrini döyüş meydanında təkbaşına icra edən Azərbaycan dövlətinin, Müzəffər Ali Baş Komandanımızın və şanlı ordumuzun sülhə məcburetmə əməliyyatları nəticəsində bu gün BMT Təhlükəsizlik Şurasının daha bir qətnaməsi - bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan dərhal çıxarılmasını tələb edən 822 saylı qətnamə də həyata keçirildi. 

Əslində Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması,ərazinin böyüklüyü göstərilmişdir.  Dövlətimiz  işğalçı tərəfdən fərqli olraq hümanizm nümayiş etdirərək, həmin vaxtı onlara verdi. Lakin məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır. Bu bir daha düşmənin əsl mahiyyətini sübut edir.

Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Təəssüf ki, mənfur qonşu 27 il ərzində bu tarixi abidələrin bir çoxunu dağıdıb, talayıb və özününküləşdirməyə çalışıb, abidələr üzərində saxtalaşdırmalar aparıb. Eyni zamanda ona da əminik ki, həmin tarixi abidələr dövlətimiz tərəfindən bərpa ediləcək, bu sərvətlərimiz dünya tarixinin qiymətli maddi-mədəniyyət nümunələri kimi UNESCO-nun ümumdünya irsi obyektlərinin siyahısına daxil ediləcək.  Torpağının altı da, üstü də sərvət olan Kəlbəcər qızıl, civə və başqa mineral daşlarına, isti, narzan və sərin bulaqlarına, şəfalı dərman bitkilərinə, saf ab-havasına, əsrarəngiz mənzərələrinə və saymaqla bitməyən digər sərvətlərinə görə dünyanın heç bir yeri ilə müqayisə edə bilməyəcəyimiz qədim Azərbaycan diyarıdır.  Ulu öndər Heydər Əliyev hər zaman Kəlbəcərə, onun təbiətinə, insanlarına yüksək dəyər verib. 1996-cı il aprelin 1-də ümummilli lider Heydər Əliyev Prezident sarayında Kəlbəcərin işğalının üçüncü ilində rayon sakinlərinin nümayəndələri ilə görüşdə demişdi: “Kəlbəcər rayonu Azərbaycanın gözəl guşələrindən biridir. Onun çox zəngin təbiəti, tarixi abidələri vardır. Kəlbəcər Azərbaycanın qədim dövrlərdən ibarət öz tarixini qəlbində, sinəsində, qoynunda saxlayan ərazilərindən biridir. Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikamızda həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”. Bəli, artıq o gün gəlib. Biz bu günə  Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və  şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində nail olmuşuq. Hazırda Kəlbəcərdə gedən tikinti- quruculuq işləri aparılır. Tezliklə kəlbəcərlilər öz doğma yurdlarına qayıdacaqlar. Hamımız bu gözəl diyarı ziyarət edəcəyik.

7 iyul 2021-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin  "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanına əsasən Şərqi Zəngəzur iqtisadi rayonu yaradılmışdır. Bu bölgəyə daxil olan rayonlardan biri də Kəlbəcərdir.  Artıq Kəlbəcərin inkişaf günləri başlamışdır. avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarına səfər edərək, burada gedən işlərlə tanış olmuşlar. Sürətlə çəkilən tunellər, yolvə enerji infrastrukturu və digər layihələr dövlətimizin iqtisadi qüdrətindən xəbər verir. Müharibədən çıxan bir ölkə, çox qısa zamanda, Qarabağda və Şərqi Zəngəzurda  nəhəng layihələr həyata keçirir, bu qədim diyara yenidən can verir.

BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb. 2019-cu ilin sonlarından etibarən işğal altındakı Kəlbəcər rayonu ərazisində işğalçı dövlət Ermənistan tərəfindən qeyri-qanuni yaşayış məskəni salınmağa başlamışdır.  Bu faktlarla bağlı Azərbaycan tərəfi narahatlığını və etirazını bildirsə də, o zaman heç kim bu məsələyə əhəmiyyət vermirdi və ikili standartlar  davam edirdi. Çənab Prezident İlham Əliyevin dediyi kimi, “bunun yeganə məqsədi qanunsuz məskunlaşma siyasəti aparmaqdı və bu da hərbi cinayət sayılır. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, ilk növbədə, ATƏT-in Minsk qrupu buna laqeyd yanaşmışdır, Ermənistana heç bir irad tutmamışdır, onları bu işlərdən çəkindirməyə cəhd etməmişdir, sadəcə olaraq, müşahidəçi kimi bunu müşahidə edirdi”. Ancaq ölkə başçısı, Ali Baş Komandan, müzəffər sərkərdə İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən Müharibəsi apardı və ədaləti bərpa etdi. Bu gün biz Qarabağdayıq, Şərqi Zəngəzurdayıq. Qədim diyarımızda, torpaqlarımızda tarixən olduğu kimi əbədi yaşayacağıq.

Bir daha  bizə bu Şanlı Zəfəri yaşadan şəhidlərimizi böyük ehtiram hissi ilə yad edir, qazilərimizə Allahdan şəfa diləyirəm.

DİGƏR Xəbərlər Arxiv