YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Valentina Matviyenko: MDB PA üzv ölkələr arasında əlaqələrin dərinləşməsinə və fikir mübadiləsinin aparılmasına töhfə verir

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasında işgüzar səfərdədir.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Milli Məclisin sədri səfər çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Valentina Matviyenko ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edib. O, parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafında vacib rolunu vurğulayaraq, bu əlaqələrin inkişafına töhfə və dəstək verdiyi üçün Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

MDB PA-nın uğurlu fəaliyyətini qeyd edən Federasiya Şurasının sədri deyib ki, bu təşkilat quruma üzv ölkələr arasında əlaqələrin dərinləşməsinə və fikir mübadiləsinin aparılmasına töhfə verir. O, Azərbaycanın təşkilatda fəal iştirakına görə təşəkkürünü bildirib, 53-cü plenar iclasın uğurlu olacağına inamını ifadə edib.

Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olacaq. Bu illər ərzində Azərbaycanla Rusiya arasında bir çox sahələri əhatə edən uğurlu əlaqələr qurulub. Ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığını bildirən Milli Məclisin sədri əlaqələrimizin inkişafında iki ölkənin dövlət başçılarının rolunu xüsusi vurğulayıb.

Azərbaycan və Rusiyanın qanunverici orqanları arasında münasibətlər haqqında da danışan Sahibə Qafarova bildirib ki, ikitərəfli əlaqələrin inkişafında parlamentlərin özünəməxsus rolu var. Bu sahədə həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qruplarının, həmçinin Milli Məclis və Federal Məclis arasında daimi fəaliyyət göstərən ikitərəfli parlamentlərarası komissiyanın işi müsbət qiymətləndirilir.

Sahibə Qafarova 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı Qələbə barədə məlumat verərək deyib ki, Azərbaycan bu qələbə nəticəsində 30 il işğal altında qalan torpaqlarını azad edib, ərazi bütövlüyünü bərpa edib. Ötən il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli Bəyanatla münaqişəyə son qoyulub və bununla da yeni bir mərhələ başlayıb. Sahibə Qafarova üçtərəfli Bəyanatın icrasının vacibliyini vurğulayıb. O, Azərbaycanın bəyanatdan irəli gələn bütün məsələləri yerinə yetirdiyini bildirib. Qeyd edib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə geniş bərpa və quruculuq işləri həyata keçirir. Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunmasını istəyir və bu istiqamətdə lazımi bütün işləri görür. Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazır olduğunu bəyan edib. Ermənistan isə yenə də təxribatlardan əl çəkmir.

Milli Məclisin sədri noyabrın 16-da dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar nəticəsində baş verən döyüş əməliyyatları barədə məlumat verərək, qeyd edib ki, bu təxribat nəticəsində 7 nəfər hərbi qulluqçumuz şəhid olub. O xüsusilə, vurğulayıb ki, bu təxribatın məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Milli Məclisin sədri, həmçinin diqqətə çatdırıb ki, bu günə qədər Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində hərbi qulluqçularla yanaşı, mülki şəxslər də həlak olublar. Sahibə Qafarova həlak olanlar arasında sülhməramlıların da olduğunu Valentina Matviyenkonun diqqətinə çatdırıb. Bildirilib ki, Ermənistanın bütün çağırışlara baxmayaraq, minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtinası beynəlxalq hüquqa və regionda sabitliyin bərpa olunması cəhdlərinə qarşı yönəlib.

Sonda Milli Məclisin sədri Sahibə Qafarova Valentina Matviyenkoya “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab təqdim edib.