YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov Finlandiya Prezidenti Sauli Niinisto ilə görüşmüşdür

Mayın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Finlandiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Sauli Niinisto ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Finlandiya Prezidenti iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etmiş, iqtisadiyyat, enerji, kənd təsərrüfatı və investisiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulamışdır.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Finlandiya arasında əməkdaşlığın daha da inkişafı üçün biznes forumların təşkilinin, qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəmli olduğunu bildirmişdir.

Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu böyük regional enerji və nəqliyyat layihələrindən danışan Elmar Məmmədyarov Finlandiyanın da bu layihələrdə iştirakının arzu edilən olduğunu söyləmişdir.

E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların son durumu barədə Finlandiya Prezidentinə məlumat vermiş, regional inkişafa və sabitliyə təhdid olan bu problemin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyini vurğulamışdır.

Görüşdə E.Məmmədyarov Finlandiya Prezidentini Azərbaycanın Avropa Şurasında sədrliyi çərçivəsində prioritetləri və ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığa dair mövqeyi barədə məlumatlandırmışdır.

Finlandiya Prezidenti Sauli Niinisto Azərbaycana səfər etmək niyyətində olduğunu bildirmişdir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.