YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyi ilə Level Up Təhsil və İnkişaf Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ilə Level Up Təhsil və İnkişaf Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Level Up Təhsil və İnkişaf Mərkəzinin Təsisçisi Ümid Abuzərli, YAP-ın fəal gəncləri iştirak edib.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Gənclər Birliyi mütəmadi olaraq sosial və eyni zamanda onların biliklərinin artırılmasına zərurət olduqda dil, nitq qabiliyyətinin inkişafı üçün bir çox layihələr həyata keçirir: “Biz YAP GB-nin Ofisində pulsuz olaraq dil kursları təşkil etmişik. Onun artıq ikinci mərhələsi yekunlaşmaq üzrədir. İlk dəfə olaraq təkcə ingilis dili ilə bağlı kurslar təşkil etmişdik. Təbii ki, sonrakı zərurəti nəzərə aldıqdan sonra rus dili kursları təşkil etdik. Hətta indi Ofisimizdə Fransız dili kursları da pulsuz olaraq təşkil olunmaqdadır. Biz xüsusilə də nəzərdə tutmuşuq ki, xaricdə təhsil proqramı, yay məktəblərinin təşkili ilə bağlı Level Up Təhsil və İnkişaf Mərkəzinin çox böyük təcrübəsi var. Bu memorandumun uğurlarından biri o olacaq ki, biz həmin Anlaşmanı professsional şəkildə həyata keçirəcəyik. Hətta memorandumun bəndlərində bir çox güzəştlər nəzərdə tutulub”.

Level Up Təhsil və İnkişaf Mərkəzinin Təsisçisi Ümid Abuzərli isə diqqətə çatdırıb ki, sözügedən təhsil mərkəzində 6-7 dil akademiyası fəaliyyət göstərir: “Gənc kadrların daxili potensiallarının artırılması üçün xüsusi təlim və tədris olunur. Bizim aktiv departamentlərimizdən biri də xaricdə təhsil departamentidir. Mərkəzimiz Azərbaycan gənclərinə Avropada və ABŞ-da yüksək təhsil almaq imkanları yaradır. İnanıram ki, imzalayacağımız bu memorandum qənaətbəxş hesab olunur. Bundan sonra YAP GB-nin üzvləri Level Up Təhsil və İnkişaf Mərkəzinin yaratdığı şəraitdən səmərəli istifadə edəcək. Bununla belə onlar xüsusi təşkil olunmuş güzəştlərdən yararlana biləcəklər”.

Sonra Level Up Təhsil və İnkişaf Mərkəzinin tanıtım roliki nümayiş etdirilib. Qeyd olunub ki, YAP GB-nin bütün üzvləri bu təlim mərkəzindən imkanlarından güzəştli əsaslarla faydalanacaqlar. Vurğulanıb ki, GB-nın 3 nəfər üzvü hətta mərkəzin öz daxili imkanları hesabına Londona göndəriləcək.

Daha sonra Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ilə Level Up Təhsil və İnkişaf Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu YAP GB-nin sədri Seymur Orucov, Level Up Təhsil və İnkişaf Mərkəzinin Təsisçisi Ümid Abuzərli imzalayıb.