YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Mədəni sərvətlər xəzinəmizdə Novruz mərasimləri müstəsna mövqeyə malikdir

“Novruz bayramı mənşəyini uzaq keçmişimizin ən dərin qatlarından alıb Azərbaycan xalqının mənəviyyat aləminin zənginliyini günümüzədək layiqincə yaşadır. Tanrının misilsiz hikmətlə yaratdığı təbiətə sonsuz sevgi və yüksək ehtiramın parlaq təzahürü olan bu bayramda ulu babalarımızın minilliklərin sınağından çıxmış həyat fəlsəfəsi dolğun təcəssümünü tapmışdır. Odlar diyarını sivilizasiyaların qovuşuğundakı qədim mərkəz olaraq tanıdıb şöhrətləndirmiş mədəni sərvətlər xəzinəmizdə Novruz mərasimləri müstəsna mövqeyə malikdir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı Bahar bayramının dünya irsinin şah əsərləri sırasında olması hər bir azərbaycanlıya qürur verir.” Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində qeyd olunmuşdur. 

Prezident İlham Əliyevin təbrikində daha sonra deyilir: “Yaz bayramı özündə qoruyub saxladığı misilsiz mənəvi qüvvət sayəsində tariximizin ən çətin və mürəkkəb dövrlərində belə gələcəyə nikbin baxmağımızı təmin etmişdir. Ötən əsrin sonlarına doğru müstəqil dövlətçilik idealımıza yenidən qovuşduqdan sonra o, rəsmi milli bayram statusunu qazanmışdır. Builki Novruz bayramını Birinci Avropa Oyunları ərəfəsində qeyd edirik. Yeniləşən, müasirləşən Azərbaycan müxtəlif ölkələrdən çoxsaylı iştirakçıları Novruz günlərində xüsusən aydın ifadəsini tapan ənənələrimizə uyğun böyük qonaqpərvərliklə qəbul etməyə hazırlaşır. Ümidvaram ki, xalqımıza xas ürək açıqlığı bu Oyunları mühüm idman və mədəniyyət bayramına çevirəcək, onun insanların yaddaşlarında unudulmaz hadisə kimi həkk olunmasına xidmət göstərəcəkdir.”