YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə şəhid Sərxan Muxtarovun ildönümü qeyd olunub

Gəncədə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri Muxtarov Sərxan İlqar oğlunun ildönümü mərasimi keçirilib. Şəhidin ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının əməkdaşları, Milli Məclisin deputatı Pərvin Kərimzadə, ictimaiyyət nümayəndələri Gəncə Şəhidlər xiyabanında onun məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Anım tədbirində 44 günlük Vətən müharibəsindən söz açan mərasim iştirakçıları Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən, şəhid Sərxan Muxtarovun döyüşlərdə göstərdiyi şücaətdən bəhs ediblər.

Şəhidin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Muxtarov Sərxan 26 iyun 1988-ci ildə doğulub. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Hərbi xidmət müddətində mayor rütbəsinə qədər yüksələn Dövlət Sərhəd Xidmətinin zabiti Sərxan Muxtarov Vətən müharibəsi dövründə Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibə bitdikdən sonra Qubadlı rayonunda xidmətini davam etdirən tabor komandiri Sərxan Muxtarov 12 yanvar 2021-ci ildə vəzifə başında minaya düşərək şəhadətə yüksəlib. O, Prezident İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidin özündən sonra Vətənə əmanət qoyduğu bir övladı yadigar qalıb.