YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Məmmədli: Hər bir Azərbaycan vətəndaşı dövlətin diqqət və qayğısı ilə əhatə olunur

“Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın prioritet sahələrdə qazandığı uğurlar haqqında müfəssəl məlumat verdi. Eyni zamanda bu çıxış gələcək hədəflərin müəyyən olunması baxımından böyük önəm kəsb edirdi. Cənab Prezident statistik rəqəmlər əsasında ölkənin iqtisadi inkişafının tam şəkildə mənzərəsini cızdı”. Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.

Deputat qeyd edib ki, qeyri – neft sektorunda ixracatın 40 faiz artımı, uzun illər ərzində milli valyutamızın stabil qalması, investorların ölkəyə cəlb olunması, vergi sistemində şəffaflığın təmin edilməsi böyük əmək və təbii ki, dövlətimizin həyata keçirdiyi düzgün siyasət nəticəsində mümkün olmuşdur: “Əlbəttə ki, bütün bu uğurların bir məqsədi var: vətəndaşların sosial rifahının təmin edilməsi. Prezident İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasətin tərkib hissəsi olan sosial sahənin mərkəzində hər zaman Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması məsələsi dayanır. Hər bir Azərbaycan vətəndaşı dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Başqa sözlə Azərbaycan sosial dövlətdir və ölkə rəhbəri vətəndaşların rifahına, onların iqtisadi və sosial əmin-amanlıqlarının qorunmasına, sosial ədalətin təmin olunmasına, vətəndaşların layiqli həyat sürməsinə təminat verir”.

M.Məmmədli vurğulayıb ki, Azərbaycan 2020-ci ildə həm Vətən müharibəsi, həm də koronavirusla mübarizədə sınaqdan uğurla çıxdı və böyük həcmdə vəsaitlərin həmin istiqamətlərdə xərclənməsinə baxmayaraq, heç bir nəzərdə tutulan sosial layihə kənarda qalmadı: “Ölkə başçısının ötən ilin oktyabrında imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamda da məhz bu istiqamətdə sosialyönümlü xərclərin artırılması nəzərdə tutulurdu və dekabrın 17-də imzalanan Sərəncamla təsdiqləndi. Dövlətimizin başçısının imzaladığı Sərəncamla minimum əməkhaqlarının artımı Vahid Tarif Cədvəlinin bütün pillələri üzrə əməkhaqlarının artırılmasına imkan yaratdı. Bu isə həm dövlət, həm də özəl sektorda çalışanların əməkhaqqının artımı deməkdir.

Müharibədən yeni çıxan, eyni zamanda iki ildən artıqdır ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini gücləndirən ölkənin əldə etdiyi nəticələr münbit iqtisadi şəratin mövcudluğundan xəbər verir. Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunur. Prezidentin göstərişilə hazırda azad edilmiş bütün torpaqlarda bərpa olunan enerji növləri və yerləri müəyyənləşdirilir. Ölkə rəhbəri çıxışlarında həmin ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib”.

“Cənab Prezident Azərbaycan Ermənistan sərhəddində baş verən hadisələrə münasibət bildirərək müharibədən sonrakı dövr ərzində hərbi təxribatlar baş verdiyini, Ermənistan rəhbərliyinin müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilmədiyini vurğuladı. Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırır, müxtəlif təxribatlara əl atır. Ermənistan unutmamamlıdır ki, Azərbaycan Silahlı Qüvvələri xalqımızı və dövlətimizi bütün mümkün təhlükələrdən qorumaq gücündədir.  

Cənab Prezident artıq silah və sursat tədarükü getdiyini, müxtəlif xarakterli müasir silah sistemlərinin alındığını, ən yaxşı hərbi texnologiyaları almaq planlarının olduğunu söylədi. Həmçinin qeyd etməliyik ki, Komando qüvvələrinin yaradılması böyük hadisədir və hərbi qüdrətimizin təzahürüdür.

Hər kəs 44 günlük müharibə zamanı Azərbaycanın gücünü, qüdrətini gördü. vətənpərvər Azərbaycan övladları öz qanları, canları bahasına torpaqlarımızı işğaldan azad edərək böyük qələbəmizi qazandılar. Azərbaycan qalib ölkə kimi Zəfər qazandı. Hazırda ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın qarşısında ən əsas məqsəd azad olunmuş torpaqlarda abadlıq quruculuq işlərinin aparılması, vətədaşlarımızın tez bir zamanda yurdlarına qayıtmasıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı siyasət qarşımızda dayanan bu hədəflərin tez bir zamanda reallaşacağından xəbər verir”, - deyə M.Məmmədli bildirib.