YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Döyüşdə qazandığımız uğurların sülh masasında davamını gətirən səbəblər

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü, elmlər doktoru, dosent  

Böyük Zəfərlə başa çatan 44 günlük müharibəsindən bir il keçməsinə baxmayaraq, döyüş sahəsində qazandığımız uğurlar siyasi masada davam etməkdədir. Bu cənab prezident İlham Əliyevin ötən həftə yerli telekanallara verdiyi müsahibədə bir daha öz təsdiqini tapdı. Son baş verən olaylardan da göründüyü kimi, məramı iki qonşu ölkə arasında heç də sülh yaratmaq olmayan  rus sülhməramsızların nəzarətində qalan Qarabağın dağlıq hissəsində 3-4 faizlik hissəsinin istər bu gunü, istərsə də sabahı ilə bağlı yaranmış bir çox suallara ölkənin birinci şəxsinin dilindən mükəmməl cavablar almaqla, həm narahatlıqlara son qoyuldu, həm də vətənimizin bütövlüyü ilə döyünən milyonların qəlblərinə fərahlıq gətirdi.

Bizim bəzi “hərşeyşünas” ekspertlər tez-tez dilə gətirirlər ki, “Zəngəzur dəhlizi”ni açmaqdansa, Xankəndi, Əskəran, Xocalı məsələsini tam həll edəyin. Bəzən belə fikir daşıyıcıları ilə eyni millətin nümayəndəsi, eyni ölkənin, dövlətin vətəndaşı olduğuna təəssüf etməli olursan. O qədər elementar düşüncə sahibi olasan ki, bu formada nəinki regional, hətta qlobal əhəmiyyətli layihəni indiki şəraitdə lüzumsuz hesab edəsən. “Zəngəzur dəhlizi”nə yalnız hansısa dəmiryolu, avtomobil yollarından ibarət komunikasiyaların açılması kimi baxmaq sadəlövhlük olar. Dövlət başçısının “Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir” sözləri çox mətləblərə aydınlıq gətirir. Əvvəla cənab Prezidentin ideyası olan bu terminin qədim milli toponimizlə əlaqədar adlandırılması təsadüfi deyil. İrəvan, Göyçə kimi Zəngəzur da bizim tarixi torpağımızdır və əlbəttə, 1920-ci ildə keçmiş SSRİ rəhbərliyi tərəfindən Ermənistana verilmişdir.

Vətən Müharibəsindəki böyük qələbəmiz təkcə 30 illik işğala son qoymaqla, Dağlıq Qarabağ və ona bitişik 7 rayonu erməni istilasından qurtarmadı, eyni zamanda bir tərəfdən Naxçıvanla quru yolla birləşmək, digər tərəfdən də Zəngəzurun şərqi kimi, qərbinə də sülh şəraitində qatar və yaxud avtomobillə qayItmaq imkanlarını əldə etmişik. Bu yerdə dövlətimizin başçısının həmin müsahibədə Zəngəzurla bağlı səsləndirdiyi və xalqımızın ürəyindən xəbər verdiyi bir məqam onun emosianallığının əyani göstəricisi idi. Naxçıvanda babasının məzarının ziyarətini Şuşa azad olunarkən Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etməsinin davamı kimi dəyərləndirən ölkəmizin rəhbəri ulu əcdadlarının, o cümlədən erməni etnik təmizlənməsinin qurbanlarından olan babasının da Qərbi Zəngəzur mahalından olduğunu vurğuladı. Heç şübhəsiz,cənab prezidentinin babasının məzarı üzərində ürəyində söylədiyi arzular tezliklə o, müqəddəs torpaqlara ayaq basacağımızla bağlı idi.

Deməli, yalnız coğrafi bağlılıq kimi başa düşülməyən “Zəngəzur dəhlizi”nin işə salınması ilk növbədə iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası məsələsin şərtləndirir ki, bu da sonda sülh müqaviləsinin imzalanması ilə nəticələnə bilər. Sülh müqaviləsinin bağlanması isə ölkələrin Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsdiq olunmuş ərazi bütövlüyünün qarşılıqlı tanınması deməkdir. Belə olan halda, yolunu azmış Qarabağın dağlıq hissəsindəki təxminən 27 minlik erməni vətəndaşına “müstəqillik” bir yana, mədəni muxtariyyat kimi status verilməsi belə müzakirə mövzusu ola bilməz. Əks halda Qarabağ və Şərqi Zəngəzur adında iki iqtisadi rayon niyə yaradılırdı?

Bu gün ermənilərin düşdüyü ağır vəziyyətdən çıxmaq üçün Azərbaycanla sülh müqaviləsi imzalamaqdan başqa yolu yoxdur. Çünki cənab prezidentin də qeyd etdiyi kimi, tarixi torpaqlarımız üzərində qondarılmış Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün yüz dəfə çox əsasımız var. Qoy, bunu onlar düşünüb, “olumla-qalım” arasında seçim etsinlər. Ancaq məsələ həm də ondadır ki, sülh müqaviləsinin imzalanması belə erməni başıpozuqların “Böyük Ermənistan” xülyasından əl çəkəcəyi, bir daha Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına qalxmayacağı anlamına gəlməyəcək. Cənab İlham Əliyevin müsahibəsində vurğuladığı kimi istənilən sülh müqaviləsi Ermənistan üçün adi kağız parçası ola bilər. Ona görə tarix boyu başımıza ən böyük bəla olan unutqanlıqdan uzaq olmalıyıq. Sözsüz ermənilərlə nə vaxtsa barışmağa məcburuq. Çünki istəməsək belə onlar bizim bədnam qonşulardır. Nə biz, nə də onlar bu ərazilərdən köçüb gedəsi deyil. Ona görə də, necə deyərlər, “itlə dost ol, amma çomağı əldən qoyma” prinsipini həyat tərzimizə çevirməliyik. Bu nöqteyi nəzərdən, dövlət başçısının bu məsələyə yanaşması çox məntiqli və düşündürücüdür: “Biz heç vaxt Ermənistanda indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Onu da biz unutmamalıyıq ki, indiki hakimiyyət bu gün özünü daha konstruktiv aparırsa, faktiki olaraq müharibədən əvvəlki dövrdə müharibənin qaçılmaz olmasını şərtləndirdi. Axı “Qarabağ Ermənistandır və nöqtə” deyən indiki hakimiyyətin təmsilçisidir, “Yeni torpaqlar uğrunda yeni müharibə” ilə bizi hədələyən indiki hakimiyyətin təmsilçisidir. Cıdır düzündə oynayan, Azərbaycan xalqının heysiyyətinə toxunan indiki hakimiyyətin təmsilçisidir. Yəni indi biz indiki hakimiyyətin davranışına baxmamalıyıq, özümüzü aldatmamalıyıq. Məhz onlar Azərbaycan ərazilərini daim işğal altında saxlamaq fikrində idilər, məhz indiki hakimiyyət dırnaqarası qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentini Şuşaya köçürmək istəyirdi və hətta orada binanın daş işləri də artıq tamamlanmışdı. Biz onu yerlə bir etdik. İndiki hakimiyyət nümayəndələri deyirdi ki, biz dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıyıq və dırnaqarası “Dağlıq Qarabağ respublikası” danışıqlar masasında olmalıdır. Yəni Koçaryan-Sarkisyan yox, məhz indiki hakimiyyət. Ona görə də biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq. Sərhəddə törədilmiş təxribatlar da bundan qaynaqlanır”. Cənab Prezident bu fikirlərlə öz nümunəsində xalqımıza, millətimizə eyni zaman da onu tövsiyə edir ki, əzəli düşmənlərimiz üzərində qazandığımız qələbənin əhəmiyyətini kiçiltməməklə yanaşı, eyforiyaya da qapılmamalıyıq. Daima bir olmalıyıq, güclü olmalıyıq və ən əsası ermənilərin indiyə qədər xalqımızın başına gətirdiyi ağır faciələri bir an belə unutmamalıyıq. Bir sözlə, yaratdığımız “dəmir yumruq” düşmənlərimizin qorxulu yuxusu olmalıdır.  Cənab Prezidentin göstərişi ilə ordu quruculuğunun davam etdirilməsi, Vətən müharibəsində qazandığımız təcrübəni və tarixi reallıqları nəzərə alaraq, yeni hərbi birliklərin yaradılması və ordu üçün daha müasir silah və sursatların alınması yuxarıda qeyd edilən başlıca amalımızla bağlıdır.

Bəzi populistlərin tez-tez iddia etdiklərinin əksinə Xankəndidə də, Xocalıda da rus sülhməramlıları olsa da, ümumi nəzarət o torpaqların əsl sahiblərindədir. Bir halda Laçın dəhlizindən keçən avtomobilləri istədiyimiz anda dayandıra bilərik. Bizi 44 gün müddətində apardığımız haqq savaşında ilahi ədaləti gücümüzlə bərqərar etməkdən dünyanın heç bir qüvvəsi dayandıra bilmədiyi kimi, yenə də kimsə bizim olanı bizdən ala bilməz. O zaman istər “bir ovuc” separatçıların, istərsə erməni və onların qərb yandaşları, istərsə də rus erməniməramlıların bizi qıcıqlandıran hərəkətlərinə dözümlülük nümayiş etdirməyimiz sülpərvər millət olmağımızdan və bu qaynar bölgəyə həmişəlik sülh, əmin-amanlıq gətirmək istəyimizdən irəli gəlir. Dövlət başçımızın yürütdüyü uzaqgörən siyasətində bu amilə üstünlük verməsi Böyük Zəfərin yaratdığı reallıqların da bütün dünya ölkələri tərəfindən olduğu kimi qəbul olunmasına və bizimlə hesablaşmağa imkan verdi.

Bununla şəxsən mən bir daha əmin oldum ki, siyasət doğrudan da naşıları sevmir. Bircə dəfə ölkəmizin siyasətini tapşırdığımız naşılar az qala ölkəni məhv olmaq təhlükəsi ilə üzləşdirdi. Amma dövlətimizi böyük ustalıqla o təhlükədən qurtaran Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilən düşünülmüş, məqsədyönlü və uzaqgörən siyasət döyüş meydanında qazandığımız böyük uğurların siyasi masada da sıralanmasını şərtləndirir.