YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Peter Priputenin etimadnaməsini qəbul edib.
Səfir Peter Priputen fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Peter Priputen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Slovakiya arasında əlaqələrin ikitərəfli və çoxtərəfli formatda inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu dedi. Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı marağın mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev birgə fəaliyyət sahələrinin araşdırılmasının zəruriliyini qeyd etdi. Dövlətimizin başçısı Avropa İttifaqı çərçivəsində əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafı baxımından da mühüm əhəmiyyət daşıdığını dedi.
Səfir Peter Priputen ölkəmizə səfərindən ötən dövr ərzində böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Diplomat Azərbaycanın Slovakiya üçün dost ölkə olduğunu və dövlətlərimiz arasında hər hansı siyasi problemin olmadığını vurğuladı. O, ölkəsinin Azərbaycan ilə əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, turizm, idman, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu dedi.
Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı söhbət zamanı slovakiyalı diplomat ölkəsinin bu Oyunlarda 250 idmançı ilə təmsil olunacağı barədə dövlətimizin başçısına məlumat verdi.