YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatında “Heydər Əliyev irsinin öyrənilməsi” dərsləri çərçivəsində ilk dərs keçirilib

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Xəzər rayonunda yerləşən orta təhsil müəssisələrinin XI sinif şagirdləri üçün “Heydər Əliyev irsinin öyrənilməsi” dərsləri çərçivəsində ilk dərs keçirilib.

Tədbir iştirakçıları əvvəlcə YAP Xəzər rayon təşkilatının foyesində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.

YAP Xəzər rayon təşkilatının akt zalında davam edən tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov tədbirin mahiyyətini, mövzunun bütün dövrlər üçün aktuallığını və hər bir Azərbaycan vətəndaşının qarşısında dayanan vəzifə olduğunu önə çəkərək bildirib ki, bugünkü qüdrətli, güclü, qalib Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Qeyd edib ki, Heydər Əliyevin fəaliyyəti bir məktəbdir: “Hər bir Azərbaycan vətəndaşı bu məktəbi öyrənməyə borcludur. Çünki bugünümüz, işıqlı gələcəyimiz üçün dahi şəxsiyyətə borcluyuq. Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında xidmətləri misilsizdir. 2003-cü ildən bu günədək keçilən yola nəzər salsaq Ümummilli Liderin siyasi kursunun uğurla davam etdiyini görərik. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bu çağırışı edir ki, Azərbaycan gəncliyi milli ruhda tərbiyə olunmalıdır. Təbii ki, 44 günlük Vətən müharibəsi gənclərdə Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha təsdiqlədi. Heydər Əliyev irsi öyrənilməli, nəsildən-nəslə ötürülməlidir. Qarşıda görüləcək işlər çoxdur. Birliyimiz, həmrəyliyimiz sayəsində hər bir hədəfə yüksək səviyyədə nail olacağıq”.

Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova isə qeyd edib ki, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu, beynəlxalq nüfuzu artdı. Ordumuz dünyanın ən güclü orduları sırasında yer aldı. Bugün böyük qürur hissi ilə qeyd etdiyimiz “Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır” fikri Ulu Öndərin yaratdığı möhkəm təməlin nəticəsidir. 2003-cü ildən bu günə həmin siyasət dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Vətən müharibəsi Azərbaycan Ordusunun gücünün, qüdrətinin təqdimatı oldu. Lalə Əhmədova gəncləri daim vətənpərvər olmağa, dövlətimizi, dövlətçiliyimizi qorumağa çağırıb. Bildirib ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qüdrətli, qalib Azərbaycanın vətəndaşı olmağı ilə qürur duymalıdır.

Daha sonra çıxış edən İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanovanın sözlərinə görə, Heydər Əliyevin irsi bizim milli sərvətimizdir. Onu öyrənmək, ərz etmək, gələcək nəsillərə çatdırmaq hər şeydən əvvəl bizim vətəndaşlıq borcumuzdur. G.Qurbanova “Heydər Əliyev irsinin öyrənilməsi” dərslərinin mahiyyəti və məqsədi barədə danışıb və dahi liderin ölkəyə rəhbərlik etdiyi dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında baş verən köklü dəyişiklikləri nəzərə çatdırıb. Həmçinin Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində böyük nailiyyətlərin əldə olunduğu haqqında fikirlərini bölüşüb.

Diskussiya şəklində davam edən tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.