YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zamanında “Buster” doza qəbul etmək həm yoluxmanın, həm də poliklinikalarda növbələrlə bağlı yarana biləcək problemlərin qarşısını alacaq

“Sirr deyil ki, “COVİD-19”un yeni ştammı “Omicron”a yoluxanların sayında bütün dünyada artım müşahidə olunur. Məsələn, Fransada yeni antirekord qeydə alınıb ki, son sutka ərzində 500 min yoluxma, gün ərzində 30 min xəstəxanaya yerləşdirilmə baş verib. Eləcə də, Rumıniyada da antirekord qeydə alınıb və gün ərzidən 20 min yoluxma olub. Hətta, Rusiyada uşaqlar arasında da yoluxma sayı kəskin çoxalıb. İki həftə əvvəl Moskvada “COVID-19”a yoluxmuş uşaqların sayı 2 min idisə, indi bu rəqəm 28 mini ötüb. Yəni, 2 həftə ərzində uşaqlar arasında yoluxma sayı 14 dəfə artıb. Əlbəttə ki, digər ölkələrin də statistikasına nəzər salaq eyni mənzərəni görmüş olacağıq. Məhz, “Omicron” ştamının sürətli yoluxdurma halına görə bir çox dünya və Avropa ölkələrində yenidən məhdudiyyətlər də tətbiq olunur, hətta vaksinasiyanın məcburiliyi haqqında qanunlar qəbul edilir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

R.Vəlibəyov bildirib ki, Azərbaycanda da yoluxmanın sayı bir neçə gün ərzində 3 mini keçib və “Omicron” ştammının genetik xüsusiyyətlərini nəzərə alsaq, yoluxma artan xətt üzrə davam edəcək: “Yoluxmanın sürətlə yayılması pandemiyanın ilk ilində yaranmış obyektiv problemlərin yenidən aktuallaşmasına yol aça bilər. Ona görə də, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Bu mənada, vaksinasiya, xüsusilə də “Buster” dozanın qəbulu günün ən vacib məsələsidir. Lakin çox təəssüflər olsun ki, insanlar təhlükəni qabaqlamaq əvəzinə onun mənfi təsirlərinə məruz qaldıqdan sonra tədbirlərə əl atırlar. Elə pandemiyanın tüğyan etdiyi bir zamanda dövlətin vətəndaşlar üçün vaksinasiya şəraiti yaratdığı vaxtda olduğu kimi. Xatırladım ki, bu, o zaman baş vermişdi ki, dünyada vaksin uğrunda mübarizə gedirdi. Amma Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkəmizə vaksinlər gətirildi. Azərbaycan həmin vaxt demək olar ki, Avropanın inkişaf etmiş ölkələri ilə eyni vaxtda vaksinasiyaya start verdi. Ancaq insanlarımız yayılan şayiələr ucbatından vaksinasiyadan ya imtina, ya da tərəddüd etdilər. Bu isə sonra “Peyvənd sertifikatı”na görə problemlərə yol açdı”.

“Heç kəsə sir deyil ki, ötən il “Peyvənd sertifikatı”na görə vaksinasiya olunanlar sona qədər gözlədilər və əksəriyyət eyni vaxtda poliklinikalara üz tutdular. Nəticədə də növbələr, sıxlıq və bundan irəli gələn problemlər yaşandı” – deyən R.Vəlibəyov əlavə edib ki, bu dəfə eyni halın təkrarlanmaması üçün indidən vaksin olunmağa başlamaq lazımdır: “Çünki cəmi 20 gündən sonra – fevralın 15-dən 2-ci dozadan sonra verilmiş “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək. Ona görə də tələsmək və vaksinasiya olunmaq, “Buster” dozanı qəbul etmək lazımdır. Hər kəs əmin olsun ki, zamanında “Buster” doza qəbul etmək həm yoluxmanın, həm də poliklinikalarda növbələrlə bağlı yarana biləcək problemlərin qarşısını alacaq”.