YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İngiltərə-Azərbaycan Cəmiyyəti və “Ralph Lauren” şirkəti Londonda əlil uşaqlar üçün xeyriyyə tədbiri keçirib

İngiltərə-Azərbaycan Cəmiyyəti və “Ralph Lauren” geyim şirkəti Londonda birgə xeyriyyə tədbiri keçirib.

İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord German Cəmiyyətin ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafına verdiyi töhfələrdən bəhs edib. Tədbirin əhəmiyyətini vurğulayan həmsədr qonaqlara xoş gecə keçirməyi arzu edib.
Cəmiyyətin Azərbaycan tərəfdən həmsədri professor Nərgiz Paşayeva Bakıdakı işlərinin çoxluğundan bu tədbirə qatıla bilməyib. Professor Nərgiz Paşayevanın adından çıxış edən nümayəndə həmsədri təmsil etməkdən qürur hissi keçirdiyini diqqətə çatdırıb. O, Lord Germana Cəmiyyətin fəaliyyətindəki uğurlarına görə dərin minnətdarlığını ifadə edib. Cəmiyyətin hər iki ölkə arasında bir çox sahələrdə, xüsusilə təhsil, mədəniyyət sahələrində əlaqələrin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. “Ralph Lauren” şirkətinin Cəmiyyətlə birgə əlil uşaqlar üçün xeyriyyə tədbiri təşkil etməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan dünyaya açıq və həmişə maraq doğuran bir ölkə olub. İngiltərə-Azərbaycan Cəmiyyəti artıq yetkin və güclü əlaqələri olan Britaniya ilə Azərbaycanın münasibətlərinin daha da inkişaf etdirilməsində iştirak edən şəxslər, şirkətlər və təşkilatların işinin asanlaşdırılmasına rəhbərlik edir.
Tədbir çərçivəsində azərbaycanlı skripkaçı Nəzrin Rəşidovanın ifasında konsert proqramı təşkil edilib.
Daha sonra “Ralph Lauren” şirkəti moda nümayişi keçirib. Qonaqlar firmanın mallarını 10 faizlik endirimlə satın almaq fürsəti əldə ediblər. Satışlardan əldə edilən gəlirin 15 faizi xeyriyyə məqsədi ilə Əlil Uşaqlar Evinə bağışlanacaq.
Əlil Uşaqlar Evi fiziki və əqli çatışmazlığı olan uşaqlar üçün təşkil edilmiş internat məktəbidir. Məktəbdə fiziki və əqli cəhətdən əlil olan uşaqlar yaşayır və onlara xüsusi diqqət və qayğı göstərilir. Əldə edilən xeyriyyə vəsaiti məktəbdə uşaqları lazımi qidalanma, geyim, müvafiq tibbi və reabilitasiya xidmətləri ilə təmin etmək üçün istifadə olunacaq. Bundan başqa, bəzi otaqların təmir edilməsi də nəzərdə tutulub. 200 nəfərlik məktəbdə hazırda 138 fiziki və əqli çatışmazlığı olan uşaq yaşayır.