YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zakir Həsənov: Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlikləri arasında üçtərəfli əməkdaşlıq regionun inkişafına xidmət edir

Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlikləri arasında üçtərəfli əməkdaşlıq regionun siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişafına xidmət edir.

Bu sözləri Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Tbilisidə keçirilən üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında söyləyib.

Nazir bildirib ki, sayca ikinci olan bu görüşdə hər üç ölkənin Müdafiə nazirlikləri arasında təhsil, Silahlı Qüvvələrin hazırlığı, döyüş və müdafiə qabiliyyətinin artırılması, regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Görüşdə hər üç tərəf üçün əhəmiyyət kəsb edən məsələlərə toxunulub və mühüm qərarlar qəbul olunub. Eyni zamanda, Azərbaycan tərəfi regionda baş verən hadisələrə, xüsusən də Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkib.
Z.Həsənov deyib: “Bu gün Ermənistan regionda yeganə dövlətdir ki, Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı təcavüzkar siyasət həyata keçirir, ərazi iddiaları irəli sürür. Biz bu məsələni xüsusilə diqqətdə saxlamalıyıq”.
Azərbaycanın müdafiə naziri, görüşün yüksək səviyyədə təşkilinə görə Gürcüstan tərəfinə minnətdarlığını bildirib.

Gürcüstanın müdafiə naziri Mindia Canelidze üçtərəfli görüşün səmərəli keçdiyini vurğulayıb. O deyib ki, bu əməkdaşlıq hər hansı bir tərəfə qarşı yönəlməyib. Biz sadəcə olaraq, öz aramızda əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək niyyətindəyik. Düşünürük ki, bu cür görüşlər hər üç ölkənin ümumi inkişafına töhfə verəcək.

Türkiyənin müdafiə naziri İsmət Yılmaz isə bildirib ki, belə görüşlər ölkələrimiz arasındakı dostluq əlaqələrini daha da möhkəmləndirir, əməkdaşlığımızın digər sahələrdə inkişafı üçün yeni imkanlar açır.

İ.Yılmaz növbəti - üçüncü görüşün bu ilin sonunda Türkiyədə keçiriləcəyini bildirib.