YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz milli həmrəyliyimizi və birliyimizi tərənnüm edən bayramdır

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

Azərbaycan xalqı bugünlər Novruz bayramını qeyd etməyə hazırlaşır. Bu bayram dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı kimi səciyyələnir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bir sözlə təbiət canlanır. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.

Ulu Öndərimiz həmçinin qeyd etmişdi ki, gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Ötən il 28 illik fasilədən sonra Prezidentimiz İlham Əliyev qədim şəhərimiz olan Şuşada bayram tonqalı qaladı. Bu hadisə xalqımızda böyük qürur hissi doğurdu.

Novruz bayramı əsrlərdir ki, xalqımız ən gözəl bayramlarından biri kimi qeyd olunur. Müasir dövrümüzdə isə bayramı daha çox xalqlar və ölkələr qeyd edir. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. Bu konteksdə Azərbaycan mədəniyyətinin tarixində daha bir mühüm hadisə baş verdi. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. 28 noyabr-2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında isə İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramınominasiyasına qoşulub. Bu fakt Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı daim artdığının göstəricisidir.

Ən əsas məqamlardan biri də odur ki, Novruz xalqı birləşdirən bayramdır. Bu bayramda siyasi mövqeyindən asılı olmarayaq, müxtəlif partiyaların rəhbərləri də bir-birilərini təbrik edirlər. Ölkəmizdə formalaşmış yeni siyasi konfiqurasiya fonunda bu gözəl ənənə daha da inkişaf edir. bu amil də milli həmrəyliyimizi və birliyimizi daha da gücləndirir.