YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz bayramı dostluq, həmrəylik bayramıdır

Saleh Məhərrəmov

YAP Oğuz rayon təşkilatının sədri

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Novruz bayramı haqqında belə deyib: “Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır. Hər bir insanın, ailənin bayramıdır. Bizim müstəqil Azərbaycan Respublikasının bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır. Xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini nümayiş etdirən bayramdır. Novruz xalqımızı bir-birilə həmişə daha sıx birləşdirib, insanlarımız arasında mehribanlıq əlaqələri yaradıb, insanları bir-birinə dost edibdir".

Artıq ikinci ildir ki, Azərbaycan xalqı bu qədim bayramı böyük ruh yüksəkliyi ilə qeyd edir. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu. Bu möhtəşəm Zəfər bütün Azərbaycana əbədi bahar gətirdi.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı gərgin fəaliyyəti nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilən, İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub.

Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalara əsasən, Novruz bayramının keçirilmə tarixi qədim zamanlara - Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Alimlər bu bayramın yaşını minimum 3700 il, maksimum 5000 il müəyyən edirlər. İlk yazılı abidələrdə qeyd edilir ki, Novruz bayramı eramızdan əvvəl 505-ci ildə meydana gəlib.

Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb.

Təbiətin oyanması Novruz ilə başlayır və Azərbaycan xalqı hətta Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd edir. Belə ki, hər həftənin çərşənbə axşamı öz adət-ənənələrinə müvafiq olaraq - Su, Od, Torpaq və Yel çərşənbəsi (ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir. Xalq deyimlərinə görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə torpağın, dördüncü çərşənbədə isə küləyin köməyi ilə ağaclarda tumurcuqlar cücərir və bütün bunlar yazın gəlişindən xəbər verir.

Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz təbiətin dörd ünsürü ilə - Su, Od, Yel, Torpaq ilə bağlıdır. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.

Novruzu qeyd edərkən, kəndlilər növbəti ilin quraq, yaxud yağıntılı keçəcəyini, məhsuldar olub-olmayacağını müəyyən edirlər. Adətlərə görə, Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü isə qış hesab edilir.

Novruz ölkədə yaşından asılı olmayaraq bütün kateqoriyadan olan insanların böyük sevinc və fərəhlə qeyd etdiyi kütləvi bayramdır. Doğurdan da Azərbaycanımıza bu bayram çox yaraşır.