YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda şəhid ailələri və qaziləri üçün Novruz şənliyi keçirilib

Abşeron rayonunda Novruz bayramı ilə əlaqədar ümumrayon bayram şənliyi keçirilib.

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalandakı Mədəniyyət Evində baş tutan şənlikdə RİH başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.

Şənlikdə Dərdə Qorqud və Bahar qızının iştirakçıları salamlaması, xeyir-duası, yazın gəlişini müjdə verməsi abşeronluların bayram əhval-ruhiyyəsini daha da artırıb.

Sonra şəhid Elşad Həsənovun oğlu Səid Həsənlinin, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin və qazi Vasif Allahverdiyevin iştirakı ilə bayram tonqalı qalanıb. Meydanda alovlanan tonqal qədim Oğuz yurdunun bir parçası olan Abşeronda keçirilən Novruz şənliyinin ən maraqlı məqamlarından biri olub. Kosa və Keçəlin müşayiəti ilə mahnılar oxunub, xalqımızın birliyinin rəmzi olan Yallı rəqsi oynanılıb.

Daha sonra Abşeronun müəllim kollektivlərinin hazırladıqları bayram guşələrinə baxış keçirilib.

Xalqımızın milli–mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, zarafatlar, ümumtəhsil məktəblərinin Novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyalar, söylənilən şeirlər, folklor kollektivlərinin maraqlı çıxışları, xalçalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, milli mətbəximizin ləziz təamları bayram tədbirinin iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Milli geyimli qızlar bayram xörəklərini nümayiş etdirib, şənlik iştirakçıları şirniyyatlardan dadıblar.

Tədbirin rəsmi hissəsində çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev şəhid ailələrini və qaziləri Novruz bayramı münasibətilə təbrik edərək bildirib ki, 30 ildən sonra Novruz bayramı artıq daha möhtəşəm qeyd olunur. 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfərlə müzəffər Ali Baş Komandan İlham Əliyev ümummilli lider Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırıb. Bu il də Novruz bayramının düşmən tapdağından azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan tarixinin ən şanlı, qürurlu günləri sırasına daxil olur.

Sonda tanınmış incəsənət xadimləri və Abşeron Mədəniyyət Evinin kollektivi tərəfindən konsert proqramı təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv