YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Orucov: Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionda təhlükəsizliyin təmin olunmasına yönəlib

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

Eyni soykökünə, dilə, dinə, mədəniyyətə malik Azərbaycan və Türkiyə xalqları arasındakı dostluq, qardaşlıq əlaqələri dayanmadan inkişaf edir, güclənir. Siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə dair mühüm addımlar atılır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır. Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sahədə əlaqələrin artırılmasına imkan verir. Xüsusilə də Prezident cənab İlham Əliyevin martın 10-da Türkiyəyə etdiyi işgüzar səfər iki dövlət arasındakı münasibətlərin ortaq milli-mədəni dəyərlərlə yanaşı, həm də müttəfiqliyə əsaslanaraq sürətlə inkişaf etməsindən xəbər verir.

Sarsılmaz qardaşlığa və dostluğa söykənən Azərbaycan-Türkiyə münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 44 günlük Vətən müharibəsi zamanı tarixin sınağından layiqincə çıxan iki qardaş ölkənin strateji müttəfiqliyi Avrasiya bölgəsində təhlükəsizliyin təmin olunmasına yönəlib. Ölkə başçısı cənab İlham Əliyevin Türkiyəyə səfəri eyni zamanda dünyaya verilən yeni mesaj oldu. Bütün dünya bir daha gördü ki, Azərbaycanla Türkiyə öz münasibətlərini qardaşlıq və müttəfiqlik münasibətləri əsasında daha da möhkəmləndirir.

İki ölkə başçılarının Ankara görüşündə də Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb, postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olunub. Görüşdə Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnunluq ifadə edilib. Qlobal miqyasda daim sülhün müdafiəçisi olan ölkələrimiz 44 günlük müharibədən sonra regionda yaranan yeni reallıqlarla əlaqədar ortaq maraqlarını qətiyyətlə reallaşdırırlar. Bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən Azərbaycan və Türkiyənin Ukraynada müharibənin dayandırılması ilə bağlı nümayiş etdirdikləri ortaq mövqe bunu bir daha təsdiq edir.

İldən-ilə daha da möhkəmlənən Azərbaycan-Türkiyə münasibətləri dünyada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirir. Azərbaycan-Türkiyə arasında olan müttəfiqlik hər iki qardaş ölkənin təhlükəsizliyini daha da gücləndirməklə yanaşı, regionda sülhün təmin olunmasına yönəlib.