YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə rayon təşkilatının qərargahında “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır: “Milli-mənəvi dəyərlərdən danışarkən xüsusi vurğu ilə qeyd olunmalıdır ki, bizim misilsiz mənəvi irsimiz olan Heydər Əliyev şəxsiyyəti bu anlayışla ayrılmaz surətdə bağlıdır.  Milli dəyərlərimizin qorunması və inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır. Onun Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında uğurlu yeniliklər, dəyişikliklər başlanmışdır. Ulu Öndərimiz sovet dövründə olduğu kimi, Azərbaycanın müstəqilliyi illərində də milli dəyərlərimizə sahib çıxmışdır. Ümummilli Liderin fikrincə, milli dəyərlər milliliyini özündə saxlayaraq məzmununu ümumbəşəri dəyərlərlə zənginləşdirməli, ümumdünya mədəniyyətinin nailiyyətlərindən bəhrələnib inkişaf etməlidir. Ümummilli Liderimizin siyasi varisi kimi   Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev milli dəyərlərə dövlət səviyyəsində çox böyük diqqət və qayğı göstərir. Hər bir məsələdə Ulu Öndərin ideyalarını meyar kimi görən ölkə başçısının milli dəyərlərin qorunması, inkişaf etdirilərək gələcək nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev bildirib ki, yüksək dövlətçilik fəaliyyəti dövründə yalnız xalqımızın qayğıları ilə yaşamış, bütün ömrünü vətəninə və xalqına həsr etmiş ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin inkişafında müstəsna xidmətlər göstərmiş böyük dövlət xadimi olmaqla yanaşı, öz mahiyyətinə, dəyərinə görə milli-mənəvi sərvət olan kulturoloji irsin müəllifidir. Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunmasına, mədəniyyətimizin inkişafına yönəlmiş fəaliyyəti onun hələ sovet dönəmində respublikamıza rəhbərlik etdiyi dövrdən başlayır. Azərbaycanda 60-cı illərin sonu – 70-ci illərin əvvəllərindən başlayaraq vüsət almış quruculuq işləri, ölkənin hərtərəfli inkişafı Heydər Əliyevin milli təəssübkeşliyindən doğan əzəmətli fəaliyyətinin nəticəsi kimi qiymətləndirilir. Heydər Əliyevin milli-mənəvi dəyərlərə münasibəti onun yaradıcısı olduğu azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsidir. 

Prezident İlham Əliyevin Sərəncamları ilə “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi göstərdi ki, multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi, tolerantlıq mühitinin, dini dəyərlərimizin geniş təbliğ olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov və Seyfəli Umarov qeyd ediblər ki, bugünkü Azərbaycanın inkişafı ölkədə sabitlik, əmin-amanlıq, demokratik ənənələrin əsaslarının qoyulması və möhkəmləndirilməsi ilə, sivil vətəndaş cəmiyyəti normalarının qərarlaşması və bu kimi müsbət cəhətlərlə bilavasitə əlaqədardır.

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vaqif Alıyev vurğulayıb ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı da hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir.  Demokratik, dünyəvi, inkişaf etmiş, zəngin, insanlara böyük hörmət bəslənilən, insan hüquqlarının qorunduğu cəmiyyətin qurulması İslam cəmiyyəti üçün bütün dünyada göstərilən daha əhəmiyyətli xidmət sayıla bilər. Ulu öndər Heydər Əliyev ideyaları əsasında, onun xidmətləri sayəsində, bu gün Prezident İlham Əliyevin böyük əməyi sayəsində iqtisadiyyatı güclənən, insanların rifahı gündən-günə yaxşılaşan, demokratik dəyərlərə sahib olan, insan hüquqlarına hörmətlə yanaşan müasir Azərbaycan cəmiyyəti dünyada milli-mənəvi dəyərlərin təbliği üçün daha böyük işlər görür.