YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Siz gənclər artıq başqa Azərbaycanı, qalib gəlmiş müzəffər xalqı təmsil edirsiniz

Siz gənclər artıq başqa Azərbaycanı təmsil edirsiniz. Siz qalib gəlmiş müzəffər xalqı təmsil edirsiniz. Əminəm ki, o arenaya çıxanda sizin ürəyinizdə mütləq bu duyğular olmalıdır.

Bu fikirləri Prezident İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən söyləyib.

Təkcə Azərbaycan vətəndaşlarının yox, bütün dünya azərbaycanlılarının bu gün özlərini əmin hiss etdiklərini, İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışdıqlarını bildirən dövlətimizin başçısı deyib: “Siz də beynəlxalq yarışlarda əlbəttə ki, müxtəlif ölkələrdə olursunuz. Əminəm, bəlkə də siz gənclər yox, - çünki siz təzə-təzə beynəlxalq yarışlarda iştirak etməyə başlamısınız, - amma böyüklər, məşqçilər, idman mütəxəssisləri mütləq görür ki, Azərbaycana münasibət nə dərəcədə dəyişmişdir. Çünki biz qalib ölkəni, müzəffər xalqı təmsil edirik. Biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunlarına riayət edərək aparmışıq”.

Prezident İlham Əliyev qeyd edib ki, xalqımızın ürəyində qisas hissi həmişə var idi. Çünki ermənilər tərəfindən bizə qarşı soyqırımı törədilib, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və qisas hissi mütləq olmalı idi.

“Ancaq mən demişdim ki, düşməndən intiqamı döyüş meydanında alacağıq. Bütün dünya, bütün hərbi ekspertlər artıq bunu dəfələrlə qeyd edirlər ki, Azərbaycan bu müharibəni həm böyük məharətlə, ustalıqla aparıb, qısa müddət ərzində istədiyinə nail olub, həm də bütün müharibə qanunlarına riayət edərək ləyaqətlə aparıb”, - deyə dövlətimiz başçısı bildirib.