YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Azərbaycanın enerji diplomatiyasının uğurları ölkəmizin malik olduğu potensialdan səmərəli istifadəsinə əsaslanır

“Azərbaycan malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində və marağında  olub.  Amma reallıq budur ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə yaradılan sabitlik, əlverişli iqtisadi mühit ölkəmizlə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının artmasında əhəmiyyətli rol oynadı. Ümummilli Liderin  müəllifi olduğu “Əsrin müqaviləsi” ölkəmizin  iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində stimulverici amil rolunu oynadı. Bu müqavilədən sonra imzalanan onlarla saziş, Anlaşma memorandumları da deyilənlərin təsdiqidir. “Əsrin müqaviləsi”nin  imzalanmasından ötən 28 ilə yaxın dövrdə  ölkəmizin enerji sektorunda  qazandığı uğurların miqyasına diqqət yetirməklə Azərbaycanın regional inkişafa və dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfələrinin aydın mənzərəsini  yarada bilərik. Qədim dövrlərdən  neft ölkəsi kimi tanınan Azərbaycan bu gün, eyni zamanda, beynəlxalq arenada qaz ixracatçısı kimi nüfuz qazanmaqdadır. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi ilə əməkdaşlığın regional çərçivədə inkişafının təməli qoyuldu.  Bu layihələr nəinki iştirakçı ölkələrin, həmçinin dünya dövlətlərinin  dayanıqlı iqtisadi inkişafına geniş imkanlar açdı. Təsadüfi deyil ki, artıq bu gün beynəlxalq səviyyədə çoxtərəfli əməkdaşlığın  başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin perspektivlərindən, Azərbaycanın  etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyindən geniş bəhs olunur. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması mərasimində dövlət başçısı İlham Əliyev bu mühüm addımı görülən işlərin zirvəsi kimi dəyərləndirmişdir. Enerji layihələrinin  coğrafiyasının genişləndirilməsi, yeni-yeni layihələrin  gündəmə gətirilərək onların siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması  bölgədə,  dünya birliyində sabitlik və əmin-amanlığın möhkəmlənməsinə öz müsbət təsirini göstərir. İqtisadi müstəqilliyin siyasi müstəqillik üçün əsas olduğunu nəzərə alsaq, bu gün Azərbaycanın digər sahələrdə olduğu kimi, enerji  sektorunda da liderliyinin özünü qabarıq şəkildə büruzə verdiyini inamla söyləyə bilərik. Dövlət başçısı İlham Əliyevin Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü barədə səsləndirdiyi fikirlər də bugünümüzün reallıqlarına söykənir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bu günlərdə təməlqoyma mərasimi keçirilən Qaradağ Günəş Elektrik Stansiyasının perspektivləri ilə bağlı açıqlamasında bildirib.

“Əsrin müqaviləsi” 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasına yol açdı, 2018-ci ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP və TAP-ın istifadəyə verilməsi kimi mühüm qlobal hadisələr enerji tariximizi daha da zənginləşdirdi” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki,  bu gün Azərbaycan neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi ixrac  edən ölkədir: “Azərbaycanda  elektrik  enerjisinin ixracı baxımından böyük potensial var. Hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı daha da genişləndirir. Atılan hər bir addım, eyni zamanda, şirkətlərin məxsus olduğu  ölkələr arasında əlaqələrin inkişafının  təqdimatıdır. Qaradağ Günəş Elektrik Stansiyasının inşasını həyata keçirəcək “Masdar” şirkəti Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Bu ölkə ilə Azərbaycan arasında iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Dövlət başçısı İlham Əliyev Bakının “Gülüstan” sarayında keçirilən təməlqoyma mərasimində ölkələrimizin bərpaolunan  enerji istehsalı  sahəsində də  əməkdaşlığa start vermələrindən məmnunluğunu bildirərək bu əminliyi ifadə etmişdir ki, yaxın gələcəkdə Qaradağda bu stansiyanın açılışını birlikdə qeyd edəcəyik. Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur  naziri Suhail  Al Mazrouel Azərbaycanın  bərpaolunan enerji planlarını  enerji siyasətinin mühüm hissəsinə çevirmək istəyini alqışlayaraq  ölkəmizin 2030-cu ilə qədər  bu sahədə quraşdırılmış güclərin  30 faizə qədər artırılması kimi mühüm məqsədləri qarşıya qoymasından məmnunluğunu ifadə etmişdir. Təbii ki, bu əməkdaşlıqda əhəmiyyətli rol oynayan amillərdən biri də ölkəmizin  investisiya cəlbediciliyini qorumasından irəli gəlir. Azərbaycan investisiya cəlb etməklə yanaşı, eyni zamanda, investisiya yatıran ölkədir. Son  18 ildən artıq dövrdə  ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın  vəsait yatırılıb. Bu rəqəm, təbii ki, Azərbaycanın bugününə və gələcəyinə inamdan irəli gəlir.”

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, ötən hər bir il enerji sektorunda qazanılan uğurların zənginliyi ilə diqqət çəkir: “Baxmayaraq ki, cari ilin iki ayını arxada qoymuşuq artıq indidən inamla söyləyə bilərik ki,  energetika  sahəsində  çox önəmli addımlar atılıb.  Belə ki, ötən yanvar ayında  Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə birlikdə  240 meqavat gücündə  Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında  “Azərenerji” ASC tərəfindən inşa edilmiş  385 meqavat gücündə  elektrik  stansiyasının açılışı oldu. Ümumilikdə  bərpaolunan enerji  növlərinin  inkişafı hazırda ölkəmiz üçün prioritet məsələdir. Dünyanın aparıcı enerji şirkətləri  Azərbaycanla bu sahədə  əməkdaşlıq etməkdə maraqlıdırlar. Böyük potensial işğaldan azad edilmiş ərazilərdədir.”

“Rəqabət qabiliyyəti baxımından   MDB məkanında  birinci olan Azərbaycanın  iqtisadi uğurlarını təmin edən, regionda sülhün təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün səviyyələrdə  xüsusilə vurğulanır” söyləyən Vüqar Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu  neft strategiyası Azərbaycanın  davamlı inkişafının əsasına çevrilib: “Bu fikir hər zaman önə çəkilir ki, dünyada neftlə zəngin çox ölkələr var. Amma o sərvətlər həmin ölkələrə heç də uğur gətirmir. Lakin Azərbaycanda neft strategiyasının dünya ölkələrinin təcrübəsinə əsasən işlənib hazırlanması uğurlarımızın davamlılığına stimuldur.  Neft gəlirlərinin düzgün idarə olunması əhalinin sosial müdafiəsinin təminatında əhəmiyyətli rol oynayır. Hazırda paytaxt və bölgələrdə, artıq azadlığına qovuşmuş torpaqlarımızda mühüm sosial-iqtisadi layihələr həyata keçirilir. Geniş miqyas alan bərpa və quruculuq işləri ölkəmizin öz maliyyə vəsaitləri hesabına aparılır. Dövlət başçısı İlham Əliyev qeyd olunan təməlqoyma mərasimində Azərbaycanın hazırkı dayanıqlı iqtisadi inkişafını sosial-iqtisadi göstəricilər əsasında diqqətə çatdırmışdır. Təkcə bu ilin iki ayının göstəricilərinə diqqət yetirməklə  qarşıdakı dövrün aydın mənzərəsini təqdim edə bilərik. Ümumi daxili məhsul 6,7 faiz, qeyri-neft sektoru 10,1 faiz, qeyri-neft sənaye istehsalı təxminən 21 faiz artıb. Bu rəqəmlər göstərir ki, ölkəmizdə  aparılan islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində doğrudan da təqdirəlayiq addımlar atılır. Dövlət başçısı bu məqamı da xüsusi qeyd edir ki,  Azərbaycan dünya miqyasında xarici dövlət borcu çox aşağı səviyyədə olan  ölkələr sırasındadır.”

YAP Xətai rayon təşkilatının sədri günümüzün uğurları sırasında yer alan bu mühüm məqamı da xüsusi qeyd edib ki, Azərbaycan hazırda dünya miqyasında   yalnız investisiya yatırılan deyil, eyni zamanda, investisiya yatıran ölkə kimi tanınır və nüfuz qazanır: “Hazırkı dövrdə prioritet məsələ  azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərini uğurla başa çatdırmaq və Böyük Qayıdışı reallaşdırmaqdır. Sonrakı mərhələdə bu ərazilərimizin malik olduğu potensialdan  səmərəli istifadə etməklə Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar yaradılacaq. Qarabağımız böyük investisiyalar məkanına çevriləcək”.