YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatında “Milli mənəvi dəyərlər” mövzusunda Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov ilə gənclərin görüşü keçirilib

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur: “Vətən, ata-ana, el-oba, yurd yeri, doğma ocaq sevgisi, namus-qeyrət təəssübü çəkmək, vətənpərvərlik, halal-haram, böyük-kiçik, ədəb-ərkan, etik dəyərlər, unudulmaz inam və inanclarımız, nəhayət, müqəddəs milli adət-ənənələrimiz ümumən milli mentalitetimizin məhək daşıdır. Vətənpərvərlik xalqımızın qan yaddaşıdır. Zaman ötsə də, bu böyük, bəşəri hisslər millətimizin, xalqımızın həyatında həmişə başlıca meyar olub, bir xarakter kimi formalaşıb, nəsillərin fəaliyyətinin fövqündə dayanıb”.  

“Zaman, tarix, Azərbaycan xalqının vətənpərvərlik ənənələri hər birimizin yaddaşında həkk olunmalıdır. Milli ideologiya, milli tarix, milli dil, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, fərdi yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir”, - B.Nəbiyev çıxışında vurğulayıb.  

Çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov söyləyib ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır: “Çünki bu dəyərlərin xalqımızın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Bu gün milli dəyərlərimiz elliklə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və daha da inkişaf etdirilir. İnsanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli-mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlayıb. Dəyərlərin formalaşması prosesi nəticəsində dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər yaranır”.

A.Şirinov deyib ki, hər bir Azərbaycan vətəndaşının başlıca vəzifəsi milli-mənəvi dəyərlərimizi qloballaşma dövrünün mənfi tendensiyalarından qorumaq, xalqımızın min illər boyu yaratdığı zəngin tarixi-mədəni irsi gələcək nəsillərə olduğu kimi çatdırmaq üçün səy göstərmək olmalıdır: “Hər bir mövzu öz aktuallığı ilə seçilir, məhz milli-mədəni dəyərlər mövzusunda da təbliğat vacibdir. Bu təbliğat geniş şəkildə aparılsa, vətəndaşlarda tarixi yaddaş daha da güclənər. Milli dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissi yaşamasını isə tolerantlığın bariz təzahürü hesab edirdi. Əslində, dini və etnik tolerantlıq Azərbaycan xalqının qanında, canında, kökündə var”.

Görüşdə gənclərin çoxsaylı sualları cavablandırılıb.

Sonda xatirə şəkli çəkdirilib.