YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Mərkəzi Aparatının təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri: Təhsilli qadın, təhsilli cəmiyyət” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının təşkilatçılığı ilə partiyanın Suraxanı rayon təşkilatında “Dayanıqlı İnkişaf Məqsədləri: Təhsilli qadın, təhsilli cəmiyyət” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, təhsildə uğurların əldə olunması hər bir cəmiyyət üçün çox vacib amillərdəndir. Cəmiyyətin digər sahələri ilə yanaşı gender bərabərliyinin bu istiqamətdə də uğurla tətbiq edilməsi təqdirəlayiq haldır. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasında da gender bərabərliyinin təmin olunması, qadınların da kişilərlə bərabər partiyanın rəhbər orqanlarında təmsil olunması partiyamızın bu sahəyə yanaşmasını real ifadə etməkdədir. VII qurultaydan sonra YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi yaradılması da bu faktı bir daha təsdiqləyir.

Tədbirin moderatoru, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva mövzunun aktuallığından danışaraq bildirib ki, təhsil hər bir millətin gələcəyi üçün mühüm faktordur. Onun sözlərinə görə, təhsilli qadınlar cəmiyyətin inkişafına böyük töhfələr verirlər. Bu mənada, “təhsilli qadın təhsilli cəmiyyət deməkdir” fikri özünü təsdiq edib.

Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Afət Həsənova çıxış edərək təhsilin cəmiyyət üçün layiqli vətəndaş yetişdirdiyini diqqətə çatdırıb. Mütəfəkkirlərin təhsilin əhəmiyyəti haqqında kəlamlarını xatırladan deputatın sözlərinə görə, Azərbaycanda bu sahəyə dövlət tərəfindən xüsusi diqqət yetirilir. O bildirib ki, respublikamızda təhsilin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasətin Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən komitə üzvü son illər Azərbaycan təhsilinin böyük nailiyyətlər qazandığını söyləyib. Deputat təhsillə təlim-tərbiyənin bir-birinə sıx bağlı olduğunu deyərək qadınların bu prosesdə rolunu xüsusi vurğulayıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə Azərbaycanda tarixən qadın amilinə böyük önəm verildiyini söyləyib. O xatırladıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçmək və seçilmək hüququ verilib. Halbuki, bu gün dünyada ən demokratik hesab olunan ölkələrdə qadınlara o zaman belə hüquqlar verilməmişdir. Deputat, ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldikdən sonra dövlət qadın siyasətinin əsasının qoyulduğunu diqqətə çatdırıb. Hazırda milli təhsilimizin beynəlxalq miqyasda da nailiyyətlər qazandığını deyən deputatın sözlərinə görə, bu nailiyyətlərin əldə olunmasında elm və təhsil sahəsində çalışan qadınların  böyük payı var. O eyni zamanda, respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinin inkişafına verdiyi töhfələrdən bəhs edib.

Çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin ümumi sektorunun müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Rəsulova bildirib ki, təhsilli cəmiyyət xoşbəxt cəmiyyətdir. Onun sözlərinə görə, ölkənin təhsil sistemində qadınlar üstünlük təşkil edir. Təkcə Bakı şəhərində xüsusi təmayüllü məktəblər istisna olmaqla 316 məktəb fəaliyyət göstərir ki, bu məktəblərdə çalışan müəllimlərin sayı 25 min 362 nəfərdir. Onların da 94 faizi qadınlardan ibarətdir. S.Rəsulova eyni zamanda təhsil sahəsində mövcud olan problemlərdən və onların həlli yollarından da bəhs edib.

Tədbirdə YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Məhərrəmov çıxış edərək təhsilin hər bir cəmiyyətin inkişafının əsasını təşkil etdiyini bildirib. O qeyd edib ki, təhsil hər bir xalqın gələcəyi üçün işıqlı yoldur. Hazırda dünyanın bir sıra regionlarında münaqişələrin, ölkələr daxilində qarşıdurmaların baş verdiyini deyən M.Məhərrəmovun sözlərinə görə, bunun əsas səbəblərindən biri intellektual, yüksək təhsilli cəmiyyətlərin olmamasıdır. Natiq Azərbaycanda yüksək təhsilli cəmiyyətin önəmindən danışaraq bu prosesə qadınların böyük töhfələr verdiyini vurğulayıb.

Daha sonra tədbir diskussiya şəraitində davam edib, iştirakçıların sualları cavablandırılıb.

DİGƏR Partiya xəbərləri Arxiv