YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq konfrans iştirakçıları türk-müsəlman əhalisinə qarşı soyqırımları ilə bağlı dünya elm ictimaiyyətinə müraciət ediblər

Quba şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” adlı II Beynəlxalq elmi konfrans aprelin 10-da işini davam etdirib.
Konfransın ikinci iş günündə Azərbaycan, Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya, Hindistan və digər ölkələrin arxivlərindən əldə edilmiş çoxsaylı sənədlər əsasında hazırlanan məruzələr dinlənilib. Diqqətə çatdırılıb ki, 1914-1920-ci illərdə Şimali Azərbaycanın əksər bölgələri - Bakı, Şamaxı, Quba, Şəki, Lənkəran, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, həmçinin Cənubi Azərbaycanın bir çox əraziləri (Urmiya, Salmas, Xoy, Qaradağ, Təbriz) və Şərqi Anadoluda yaşayan türk-müsəlman əhalisinə qarşı erməni-daşnak silahlı birləşmələri tərəfindən dəhşətli soyqırımları törədilib. On minlərlə türk-müsəlman və digər millətlərin nümayəndələri, o cümlədən günahsız körpələr, qadınlar və yaşlı insanlar məhz etnik mənsubiyyətinə görə vəhşicəsinə öldürülüblər.
Yüzdən çox tanınmış alim və mütəxəssisin, rəsmi qonaqların qatıldığı konfransın işi “Şimali Azərbaycan torpaqlarında türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” və “Şərqi Anadolu, Urmiya, Salmas və digər bölgələrdə türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” bölmələri üzrə aparılıb.
Mövzu üzrə məruzələr dinlənildikdən sonra beynəlxalq konfrans iştirakçılarının dünya elm ictimaiyyətinə müraciəti qəbul olunub.
Konfransın sonuncu iş günü - aprelin 11-də iştirakçılar Bakı şəhərinin görməli yerləri ilə yaxından tanış olacaqlar.
Xatırladaq ki, beynəlxalq tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi və Quba Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Beynəlxalq elmi konfransda Azərbaycan tarixçiləri ilə yanaşı Türkiyə, Kipr, Almaniya, Albaniya, Bolqarıstan, Fransa, İran, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Polşa və Rusiyadan tarixçi alimlər iştirak ediblər.