YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Veteranlar Şurasının təşkilatçılığı ilə “Şəxsiyyət və zaman” mövzusunda konfrans keçirilib

Mayın 5-də Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının təşkilatçılığı ilə Xəzər rayonu, Şağan Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Şəxsiyyət və zaman” mövzusunda konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Xəzər rayonunda ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüblər.

Konfransda ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov ulu öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən bəhs edib. O qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi ümummilli liderimiz Heydər Əliyevdir. Prezident İlham Əliyevin liderliyi ilə Heydər Əliyev siyasəti ölkəmizdə uğurla davam etdirilir. Bu siyasət davamlı olaraq Azərbaycana nailiyyətlər qazandırır.

YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq bir dövr dövlətçiliyimizin və xalqımızın intibahında tarixi bir mərhələ təşkil edib: “Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanışın formalaşması dövrü oldu. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmiz məhv olmaq təhlükəsindən qurtardı. Ümummilli lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrilib. Bu heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük zəhmət sərf olunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorumalıyıq”.

Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov isə  bildirib ki, bu gün müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğurun təməlində ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır. O, Ümummilli Liderin ölkəmizin inkişafı istiqamətində başladığı nəhəng işlərin, möhtəşəm layihələrin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb və qeyd edib ki, bütün bu işlərin reallaşmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xüsusi rolu var.

Konfransda çıxış edən YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Onun sözlərinə görə, Heydər Əliyev hələ sovetlər dönəmində respublikamıza rəhbərlik edərkən neqativ hallara qarşı qətiyyətli mübarizə aparıb. Yaradıcı insan kimi məni Heydər Əliyev şəxsiyyətində ən çox cəlb edən xüsusiyyət onun malik olduğu cəsarət, fədakarlıq, qətiyyət, humanizm, mərhəmət, əsl vətəndaş mövqeyi, azərbaycançılıq hissləridir. Ulu öndərin xilaskarlıq missiyasından da ətraflı bəhs edən X.Qoca  qeyd edib ki, Heydər Əliyev xalqımızın yaddaşında əbədi yaşayacaq.

YAP Veteranlar Şurasının üzvü, professor Adilə Abbasova da çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib. Ulu Öndərin müstəsna xidmətlərinin hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacağını qeyd edən A.Abbasovanın sözlərinə görə, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. O, ulu öndər Heydər Əliyevin zəngin irsinin hər zaman öyrəniləcəyini vurğulayıb.

Daha sonra konfrans diskussiya şəraitində davam edib, iştirakçıların sualları cavablandırılıb.