YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşğaldan azad edilmiş torpağlarımızda bərpa və yenidənqurma işləri vətəndaşlarımızın öz doğma el-obasına qayıdacağına inamı daha da artırır

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

İşğaldan azad edilmiş torpağlarımızda bərpa və yenidənqurma işləri vətəndaşlarımızın öz doğma el-obasına qayıdacağına inamı daha da artırır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Zəngilan rayonuna xüsusi nümayəndə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Ölkə Prezidenti cənab İlham Əliyev qəbul zamanı öz çıxışında işğaldan azad olunmuş ərazilərlə, xüsusilə də Zəngilan rayonu ilə bağlı mühüm məqamlara diqqət çəkdi, görülən işlərdən və qarşıda dayanan vəzifələrdən danışdı. Zəngilan rayonunun da azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qaldığını, Ermənistan işğalçı qüvvələrinin Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etdiyini, şəhərdə ancaq hərbçilərin istifadə etdikləri 1-2 salamat binanın qaldığını qeyd edən Prezident şəhər və kəndlərimizdə edilən bu dağıntıların erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərdiyini bildirdi. Möhtərəm Prezidentimiz azad edilmiş hər bir rayon kimi Zəngilan rayonunun da bərpa olunacağını, həm də bu sahədə birinci rayon olduğunu və artıq keçmiş məcburi köçkünlərin yaxın gələcəkdə oraya qayıda biləcəklərini bildirdi. Ölkə başçısının görüləcək işlərin planlı və sistemli şəkildə aparılacağını, təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf üçün bütün amillərin nəzərə alınacağını qeyd etdi. Vətən müharibəsinin bitməsindən ötən müddət ərzində işğaldan azad edilmiş torpaqlarımızda bərpa və yeni texnologiyalara əsaslanan yenidənqurma işlərinin aparılması, dövlət başçısının təşəbbüsü ilə ərazilərdə müasir, planlı şəhərsalmanın həyata keçirilməsi, dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacağına inamı daha da möhkəmləndirir, həmin ərazilərin çox tezliklə nəinki Qarabağın, eləcə də bütün regionunun ən müasir rayon və şəhərlərinə çevriləcəyinə təminat verir. Ölkə başçısı çıxışı zamanı Zəngilan rayonunun böyük turizm potensialına malik olduğunu qeyd etdi. Rayon ərzasində olan gözəl meşələri, dağları, bulaqları, çayları və yaradılacaq beynəlxalq hava limanını, dəmir yolunu, avtomobil yollarını böyük bir sərvət olaraq qiymətləndirən Prezident İlham Əliyev Zəngilanın turizm potensialını digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalı olduğunu mühüm vəzifə kimi müəyyənləşdirdi. Cənab Prezident bildirdi ki, otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir.

Prezident İlham Əliyev Ermənistanın torpaqlarımızı işğalda saxladığı zaman təbii sərvətləri talan etdiyini və ekoloji terror törətdiyini də vurğuladı. Məhz bu vandallığı ilə Ermənistan torpaqlarımızın ekologiyasına da böyük zərər vurmuşdur. Minlərlə hektar meşə sahələri tamamilə məhv edilmişdir. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələr kütləvi surətdə qırılmışdır. Həmçinin Zəngilanda və Avropanın ərazisinə görə ikinci ən böyük çinar meşəsi olan Bəsitçay təbiət qoruğunun böyük hissəsini ermənilər məhv etmişlər. Torpaqlarımız işğaldan azad edildikdən sonra artıq Bəsitçay təbiət qoruğunun bərpasına başlanıb. Oxçuçay da Ermənistanın ekoloji terroruna məruz qalmışdır. Ermənistanda istismar edilən mis kombinatının bütün axıntıları Oxçuçaya təmizlənmədən ötürülürdü. Bundan əlavə, Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metal yataqlarını da vəhşicəsinə istismar etmişdir. Azərbaycan ərazisində törətdiyi ekoloji terrora və talançılığa görə rəsmi İrəvan məsuliyyət daşımalıdır. Azərbaycan dövlətinə dəymiş bütün ziyanın hesablanması və bütün kəndlərin, şəhərlərin pasportlaşdırılması prosesi aparılır. Toplanan faktlar əsasında Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək əzmindədir.

Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmiş, Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmalıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil oldu ölkəmizin ərazisinin 20 faizi işğal edildi. Ermənistanın rəhbərliyinin törətdiyi əməllərdə birbaşa müharibə cinyətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı cinayətlərinin tərkibini yaradan əməllər müəyyən olunmuşdur. Ermənistanın siyasi və hərbi rəhbərliyinin törətdikləri bu cinayətlər, məhz sistematik və genişmiqyaslı hücum formasında törədilmişdir ki, bunu törədən təqsirkarların mühakimə olunması üçün ciddi əsaslar yaradır. Bu cür insaniyyətə və bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşımalı, törətdiyi vandalizmə görə cavab verməlidir.

DİGƏR Xəbərlər Arxiv