YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Zəfərimiz Ulu Öndərin müəyyən etdiyi və Prezident İlham Əliyevin müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu

“Hər bir dövlətin inkişafında   Lider amili əsas yer tutur. Bu baxımdan ki, dövlətinin, xalqının gələcəyini düşünən Liderin dünyagörüşü, dövlətçilik təcrübəsi, siyasi iradəsi inkişaf strategiyasının prioritetlərini müəyyənləşdirir, ən  çətin məqamlarda düzgün seçimlər etməyə geniş imkanlar yaradır. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev tarixdə adı dövlətçiliyin simvoluna çevrilən Liderlərdəndir. Onun ideyaları Azərbaycanın gələcək inkişafının əsasını təşkil edir. Ulu Öndərin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin  ümumiləşdirilmiş ifadəsi bugünkü güclü, qüdrətli,  qalib Azərbaycandır. Ölkəmizin hazırkı reallıqlarını düzgün dəyərləndirmək üçün müstəqilliyimizin yenidən bərpasının ilk illərinə nəzər salmağa böyük ehtiyac var. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətdən danışmaq mümkün olmazdı. Vətənini, dövlətini, xalqını canından artıq sevən Ümummilli Liderin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq Azərbaycanın gələcəyinə yönəlmiş addımların şahidi olarıq. O, daim Azərbaycanı müstəqil, qüdrətli, dünya birliyində layiqli yer tutan, sözünün imzası qədər əhəmiyyəti olan bir dövlət kimi görmək istəyib. Bir sözlə, Azərbaycanın bugünkü inkişaf mərhələsinə  çıxmasını şərtləndirən  əsas amil tarixin həlledici  məqamında ölkədə və dünyada baş verən mürəkkəb proseslərin mahiyyətini dəqiq qiymətləndirməyi və bu prosesləri milli mənafelərin tələb etdiyi aydın bir istiqamətə  yönəltməyi bacaran ümummilli lider Heydər Əliyev kimi  siyasi liderin varlığı olub.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi  müasir inkişaf  strategiyası özündə  bir sıra vacib məqamları ehtiva edirdi: “Müstəqilliyin qorunması və möhkəmləndirilməsi, sabitliyin təmin olunması, güclü iqtisadiyyatın yaradılması,  müsir cəmiyyət quruculuğu, ərazi bütövlüyümüzün bərpası, qüdrətli ordunun formalaşdırılması,   beynəlxalq münasibətlər sisteminə inteqrasiya, azərbaycançılıq ideologiyasına əsaslanan milli birlik və həmrəylik, milli ənənələrə və tarixi köklərə bağlılıq  prioritet istiqamətlər idi. Bu hədəflərə nail olmaq  üçün  atılan addımlar öz müsbət nəticəsini verdi. Hər bir ölkənin inkişafında vacib amil olan siyasi sabitlik təmin edildi. Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artdı. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi  mövqeyini möhkəmləndirdi.”

“Məhz Ulu Öndərin müdrik siyasəti sayəsində  Azərbaycan regionun ən etibarlı və güclü  dövlətlərindən biri kimi özünü dünyaya təqdim etməyə  müvəffəq  oldu” söyləyən millət vəkili  onu da vurğulayıb ki,    ümummilli lider Heydər Əliyev hüquqi dövlətin sarsılmaz əsaslarını qoydu: “Onun Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan ulu öndər Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul olunan Konstitusiya sonrakı illərdə zamanın tələbinə uyğun olaraq təkmilləşdi, yeniləşdi, yeni əlavə və dəyişikliklərin edilməsi üçün 3 dəfə ümumxalq səsverməsi keçirildi.”

Malik Həsənov qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiya nəticəsində  Azərbaycan qısa müddətdə  yüksək nailiyyətlərə imza atdı: “Dayanıqlı iqtisadi inkişaf təmin edildi, dünyanın ən güclü 50 ordusu sırasında  qərarlaşan Silahlı Qüvvələrimiz  formalaşdı, beynəlxalq əlaqələrimiz genişləndi, ölkəmiz yeni dostlar və tərəfdaşlar qazandı, hazırda tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı.  Azərbaycanın inkişaf strategiyasının  uğurla reallaşdırılması  bir hədəfə- Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasına və ölkəmizin  ərazi bütövlüyünün  bərpa edilməsinə yönəldilmişdi.”

“2003-cü ildə Ümummilli Lider xalqa müraciətində inamın və etimadın növbəti ünvanını göstərərkən  sona çatdıra bilmədiyi işləri, layihələri cənab İlham Əliyevin xalqa arxalanaraq tamamlayacağına əminliyini ifadə etmişdir. 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində  tarixi Zəfərimiz mahiyyət etibarilə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək  müasirləşdirdiyi milli dövlətçilik  strategiyasının ən böyük təntənəsi oldu. Möhtəşəm Qələbəmiz  göstərdi ki, müstəqillik illərində əldə etdiyimiz milli birliyimiz ən qiymətli sərvətlərimizdəndir. Vətənpərvərlik, torpağa bağlılıq Vətən müharibəsində Zəfərimizdə əsas rol oynadı.  Ümummilli Lider daim bu inamı ifadə edirdi ki, Azərbaycan gəncliyi müasir dünyagörüşə, biliyə malik sağlam, vətənpərvər gənclikdir”,- deyə Malik Həsənov vurğulayıb.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpası, azad Qarabağda, azad Şuşada üçrəngli bayrağımızın qürurla dalğalanması, tarixi sahibinə qovuşan torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri, xalqımızın yenilməzliyini, məğrurluğunu bir daha dünyaya nümayiş etdirməsi, rəşadətli ordumuzun gücü, qüdrəti, dəmir yumruq kimi birliyimiz, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın Qarabağın tacı olan Şuşada Zəfər Qurultayını keçirərək dünyaya mesajlarını ünvanlaması və sair kimi mühüm uğurlar 30 ildə aparılan düşünülmüş və məqsədyönlü siyasətin nəticələridir. Qarşıda qalib Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir.    

DİGƏR Xəbərlər Arxiv