YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının, milli həmrəyliyin banisidir

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

Müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri çoxəsrlik tariximizin ən parlaq səhifələridir. Dahi şəxsiyyət Heydər Əliyev öz həyat yolu, amalı haqqında danışarkən demişdir: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız Sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".

Azərbaycan xalqının müstəqil və güclü dövlətə sahib olmaq arzusunu məhz Ulu Öndər Heydər Əliyev rellığa çevirib, çağdaş tariximizdə əbədiyaşarlığını təmin edib. Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, Ulu Öndər ölkəmizə rəhbərliyi dövründə qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən ən böyük dəstəyi xalqdan alırdı. Heydər Əliyev dühasının böyüklüyü bir də onda idi ki, Ulu Öndər hər addımda xalqının milli ruhunu, kimliyini təcəssüm etdirirdi.

Ümummilli Lider Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası mənəvi inkişafımızın, Azərbaycanın əbədi müstəqilliyinin təminatçısına çevrilib. Müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji əsasını təşkil edən azərbaycançılıq ideyasının bünövrəsinin qoyulması, onun mükəmməl bir şəkildə irəli sürülməsi və icra olunması da məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

"Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gun də fəxr edirəm ki, mən azərbaycanlıyam" deyən Ulu Öndər Heydər Əliyev ən böyük azərbaycanlı idi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın yekdil təkidi ilə hakimiyyətə dönüşündən sonra ölkədə davamlı sabitlik və iqtisadi tərəqqinin əsasının qoyulması ilə yanaşı, milli birliyə nail olundu, azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi. Ulu Öndər yürütdüyü siyasətlə bütün dünya azərbaycanlılarının liderinə çevrildi, xarici ölkələrdə yaşayan soydaşlarımızı vahid məqsəd ətrafında birləşdirdi.Bundan sonra Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçüq milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu. Ona görə ən yeni tariximizdə xalqımızın milli həmrəyliyinə nail olunması Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biri kimi dəyərləndirilir.

Ümummilli Liderin strateji inkişaf kursunu əzmlə davam etdirərək dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə çatdırmış, dahi rəhbərin azərbaycançılıq amalına sadiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın yüksəlişinin ortaya qoyduğu ən böyük reallıqlardan biri xalqımızın milli həmrəyliyinin daha da güclənməsi olub. Ulu Öndərin arzuladığı zirvələri fəth edən ölkə Prezidentimizin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər dövlətçilik tariximizdə milli həmrəyliyi bir daha təcəssüm etdirdi.

Bu gün ən böyük azərbaycanlı Heydər Əliyevin müqəddəs ruhu şaddır.

Azərbaycan artıq Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin arzuladığı zirvələri fəth edib, taleyüklü məsələləri, planları uğurla həyata keçirir. Azərbaycan qalib ölkə, xalqımız müzəffər xalq kimi yaşayır, azad olunmuş torpaqlarımız cənnətə çevrilir. Qalib ölkəmiz dahi şəxsiyyət Heydər Əliyev yolu ilə qətiyyətlə irəliləyir və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf tariximizin yeni parlaq salnaməsini yazır. Ulu Öndər Heydər Əliyevin işıqlı idealları, amalları bundan sonra da yolumuza nur saçacaq, Azərbaycan xalqını daha uğurlu gələcəyə aparacaq.