YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndərin yaratdığı əsaslı dövlət idarəçiliyi gələcək üçün qətiyyətli təməldir

Sevinc Qasımova

YAP Gənclər Birliyinin sədr müavini  

10 may Azərbaycan xalqı üçün olduqca dəyərli bir tarixdir. Ümummilli lider Heydər Əliyevin anadan olduğu bu gün böyük bayram, milli qürur ünvanıdır. Azərbaycan tarixində misilsiz mövqeyə sahib olan ulu öndərin xidmətləri nəticəsində xalqımızın həyatında əsaslı dönüşün formalaşdığı, tərəqqiyə uzanan inkişaf yolunun başlandığı hər kəsə məlumdur.

Heydər Əliyev şəxsiyyətinə və fəaliyyətinə yüksək dəyər verilən öndər, Azərbaycan xalqının xilaskarı kimi anılır. Sarsılmaz əqidəyə, möhkəm iradəyə malik, qətiyyətli, yenilməz bir insan olan ümummilli liderin həyatı xüsusilə gənclərimiz üçün əsl nümunədir.

Bütün həyatını Azərbaycan xalqına həsr edən görkəmli dövlət xadiminin keçdiyi ömür yolu əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Ulu öndər həmişə xalqa arxalanıb və xalqın dəstəyini, sevgisini qazanıb.

Heydər Əliyevin hakimiyyətə gəldiyi andan elan etdiyi inkişaf kursu xüsusilə siyasi-iqtisadi müstəqillik prinsipinin həyata keçirilməsi, sosial rifahın təmin edilməsi, bütün sahələrdə dirçəlişin başlanması kimi şərtləri vacib edirdi. Ulu öndərin bu istiqamətdə atdığı addımlar Azərbaycana yeni həyat bəxş etdi. Heydər Əliyev Azərbaycanın tərəqqisinin başladığı həmin illəri xatırlayarkən deyirdi: “1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır”.

Qeyd edildiyi kimi, bütün sahələrdə sürətli inkişafın və intibahın təmin edilməsinə xüsusi diqqət yetirən ulu öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Azərbaycan gəncliyinə böyük ümidlər bəslədiyini dəfələrlə qeyd edən görkəmli şəxsiyyət Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu vurğulayırdı. Ulu öndərin müəyyənləşdirdiyi gənclər siyasəti və bununla bərabər bütün sahələrdə əsaslandırılmış inkişaf konsepsiyası bu gün  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin layiqli siyasi varisi, cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirməklə yanaşı, həm də dövlət idarəçiliyində yeni məktəbin yaradıcısıdır. Azərbaycanda  dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı  qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur. Gənclərin ailə-məişət problemlərinin həllini daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət ölkə gəncləri tərəfindən yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir.

Ümummilli lider 1969-cu ildə respublikamıza ilk dəfə rəhbər təyin edildiyi vaxtdan etibarən cəmiyyətin bütün təbəqələrini əhatə edən, onların sosial problemlərinin həllinə istiqamətlənən siyasi kursu davam etdirirdi. Burada qadın problemləri və haqlarının müdafiəsi də önəmli yer tuturdu. Heydər Əliyevin qadınlara olan münasibəti ailə həyatında, həyat yoldaşının timsalında da açıq aşkar bilinirdi. Zərifə xanım Əliyevaya verdiyi yüksək dəyər heç kimin diqqətindən yayınmazdı. Hər kəs onların bir-birilərinə necə qarşılıqlı hörmət münasibəti bəslədiklərinin şahidi olub. Ulu öndər 2001-ci il aprelin 28-də Zərifə xanımın xatirəsinə həsr olunmuş gecədə söylədiyi bir fikri xatırlatmaq yerinə düşərdi: “....Mənim üçün o, birinci növbədə böyük bir insan idi. Zərifə xanım sədaqətli həyat yoldaşı, çox mehriban ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır...”

Heydər Əliyev qadın problemlərinin dövlət səviyyəsində həlli üçün mühüm fərman da imzalayıb və Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasına nail olub. Bununla bərabər, Azərbaycanda ilk dəfə 1998-ci ildə qadınların I qurultayı, 2003-cü ildə isə II qurultayı  baş tutub. Qurultaylar ölkənin qadın hərəkatı tarixində yeni səhifələr açmışdı. Azərbaycan qadınlarının I qurultayında çıxış edən ümummilli lider “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir” – deyə bildirib.

Sosial sahədə həyata keçirilən islahatların dayağı kimi hər zaman güclü iqtisadiyyatın olmasının vacibliyinə toxunan ulu öndərin "iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!" prinsipi siyasi fəaliyyətinin əsasını təşkil edirdi. Bazar münasibətlərinə keçidin tələblərinə uyğun iqtisadi siyasəti reallaşdırmaq, ölkə iqtisadiyyatını inkişaf etdirmək Heydər Əliyevin yeni Azərbaycanın inkişaf modeli idi. Təsadüfi deyildir ki, Azərbaycanın yeni neft strategiyası bu baxımdan atılmış ilk və həyati əhəmiyyətli addım olmuşdur.

"Əsrin müqaviləsi"nin imzalanması nəticəsində ümummilli lider Heydər Əliyev nəinki neft strategiyasının təməlini qoydu, bu müqavilənin reallaşması eyni zamanda, yeni neft erasının başlanğıcı oldu.

Beləliklə, Heydər Əliyev dünyanın diqqətini Cənubi Qafqaz regionuna cəlb etdi, Azərbaycanın iqtisadi cəhətdən dünya birliyinə inteqrasiyasının təməlini qoydu. Bu gün Azərbaycan iqtisadiyyatının özülünü təşkil edən Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ideya əsasları və sağlam bünövrəsi, məhz o zaman qoyuldu.

Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin hələ 2003-cü ildə prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi varisliyin layiqli davamının siqnalı idi. Onun ümummilli lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir. Ölkə başçısının bütün sahələrdə müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli düşünülmüş daxili və xarici siyasət Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınmasına gətirib çıxarır.

30 illik müstəqillik tarixində Azərbaycanın qazandığı uğurlar, bu tarixin bir parçası kimi, 2003-cü ildə, cənab İlham Əliyevin prezident seçildiyi gündən indiyə qədər nail olunan inkişaf göstəricisi əminliklə söyləməyə əsas verir ki, bu idarəçilik gələcək üçün önəmli siyasi təməldir.

Müstəqilliyin və inkişafın bu cür möhkəm təməlini qoymağı bacaran görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.