YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qorxmaz Hüseynov: Su sektorunda mühüm layihələr həyata keçirilir

Koreya Respublikasının Dequ və Qenju şəhərlərində Dünya Su Şurasının və Koreya hökumətinin təşkilatçılığı ilə VII Dünya Su Forumu keçirilir.

Forumda iştirak etmək üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Koreya Respublikasında səfərdədir.
1997-ci ildən etibarən hər 3 ildən bir ölkə rəhbərləri, nazirlər, su təsərrüfatı ilə bağlı rəsmi şəxslər, siyasətçilər, alim və mütəxəssislərin iştirakı ilə keçirilən forum su amilinin və su ilə əlaqədar geniş spektrli məsələlərin dövlətlərarası qarşılıqlı anlaşma və razılaşma platformasına çıxarılmasında, dünya dövlətləri tərəfindən suyun ictimai, iqtisadi və siyasi rolunun getdikcə daha çox qəbul edilməsində müstəsna əhəmiyyət daşıyır.
Aprelin 12-də Dequ şəhərindəki Sərgi və Konfrans Mərkəzində Koreya Respublikasının Prezidenti xanım Pak Kın Henin, bir neçə ölkənin dövlət və hökumət başçılarının, nazirlərin, dövlət və hökumət rəsmilərinin iştirakı ilə forumun rəsmi açılış mərasimi keçirilib.
Azərbaycan nümayəndə heyəti açılış mərasimində iştirak edib.
Dünya Su Forumunun növbəti günü Qenju şəhərində forumun Nazirlər Prosesinin açılışı olub, plenar iclas və nümayəndə heyəti başçılarının “dəyirmi masa” görüşləri keçirilib.
Plenar iclasda çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov əhalinin fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi, su ehtiyatlarının tükənməsinin qarşısının alınması və bunun üçün sudan istifadənin su ehtiyatlarını üstələməsinə yol verilməməsinin bütün ölkələr üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, istifadə edilmiş suyun dərin təmizləmə texnologiyaları ilə yararlı hala gətirilməsi və təkrar istifadəyə verilməsi, su ehtiyatlarının formalaşdığı çay hövzələrinin deqradasiyasının qarşısının alınmasının bütün ölkələrin qarşısında duran başlıca vəzifə olduğunu diqqətə çatdırıb.
Qorxmaz Hüseynov texnogen fəaliyyətin intensivliyinin təbii proseslərin inkişafında köklü dəyişikliklərə səbəb olduğu müasir dünyamızda yerüstü və yeraltı su ehtiyatlarının daha dəqiq qiymətləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.
“Yuxarı axın” ölkələrini “aşağı axın” ölkələrinin maraqlarını nəzərə almağa, hər bir çay hövzəsi hüdudunda su ehtiyatlarının inteqrasiyalı idarə və istifadə edilməsinin əməli tətbiqinə, ölkələrin qonşularının problemlərinə diqqət və qayğı ilə yanaşmağa çağıran “Azərsu” ASC-nin sədri ümidvar olduğunu bildirib ki, VII Dünya Su Forumunda aparılan müzakirələr, nail olunacaq razılaşmalar qlobal iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının qorunmasında, sudan qənaətlə və təyinatı üzrə istifadə olunmasında, əhalinin dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsində mühüm rol oynayacaq.
Forum çərçivəsində “Hamı üçün təhlükəsiz və yetərincə su və sanitariyanın təmin edilməsi” mövzusunda keçirilmiş “dəyirmi masa”da çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Qorxmaz Hüseynov ölkəmizdə əhalinin içməli su ilə təminatı sahəsində görülən işlərdən danışıb. “Aşağı axın” ölkələri sırasında olan Azərbaycanın yerüstü su ehtiyatlarının 70 faizdən çoxunun ölkə hüdudlarından kənarda formalaşdığını qeyd edən Q.Hüseynov əhalinin içməli su təchizatında, suvarma əkinçiliyində müstəsna əhəmiyyəti olan Kür və Araz çayları və onların bir sıra qollarının qonşu ölkələrin ərazisində ciddi çirklənməyə məruz qaldığını, həmin çayların sularında bir sıra kimyəvi element və birləşmələrin miqdarının normadan dəfələrlə yüksək olduğunu diqqətə çatdırıb.
Azərbaycanda əldə edilmiş iqtisadi uğurların nəticələrinin əhalinin rifahının yaxşılaşdırılmasına, sağlam ekoloji mühit və həyat şəraitinin yaradılmasına yönləndirilməsinin ölkə rəhbərliyinin iqtisadi siyasətinin əsasını təşkil etdiyini bildirən “Azərsu” ASC-nin sədri deyib ki, digər sahələrdə olduğu kimi, su sektorunda da mühüm layihələr həyata keçirilir. Keyfiyyətli və dayanıqlı su mənbələri əsasında yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur, yeni içməli su mənbələri aşkarlanır, innovativ texnologiyalara əsaslanan su emalı və sutəmizləyici qurğular inşa edilir, tullantı sular zərərsizləşdirilərək ətraf mühitin qorunması istiqamətində kompleks tədbirlər həyata keçirilir, ölkənin su təhlükəsizliyinin təmin edilməsi strategiyasını əsas götürərək yerüstü və yeraltı su ehtiyatları yenidən qiymətləndirilir, habelə su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi proqramlarının hazırlanması, daxili hövzələrdə yaranan su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, su ehtiyatlarının regionların cari və perspektiv tələbatlarına uyğun paylanması istiqamətində araşdırmalar aparılır.
Qorxmaz Hüseynov diqqətə çatdırıb ki, Azərbaycan hökuməti bu istiqamətlərdə xarici ölkələr və beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı, Asiya İnkişaf Bankı, Almaniyanın KfW bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi, İslam İnkişaf Bankı, Səudiyyə İnkişaf Fondu və s. ilə sıx əməkdaşlıq həyata keçirir. Ölkəmizdə su sektorunun idarə edilməsi üzrə zəruri hüquqi bazanın yaradıldığını qeyd edən Q.Hüseynov bildirib ki, Azərbaycan Kür-Araz çayları hövzəsində yerləşən ölkələr arasında transsərhəd sularla əlaqədar Helsinki Konvensiyasını ratifikasiya edən yeganə ölkədir.
Müxtəlif mövzularda müzakirələrdən sonra Forumun plenar iclasında Nazirlər Bəyannaməsi qəbul edilib.



 

DİGƏR Xəbərlər Arxiv