YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Fatma Yıldırım: Avropa İttifaqı - Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir

“Mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcək. Dövlət başçıları arasında keçirilən görüş və aparılan müzakirələr qarşılıqlı əlaqələrin daha da genişlənməsi üçün böyük potensialın olduğunu göstərdi. Vacib məqamlardan biri də ondan ibarətdir ki, dövlət başçılarının mətbuata bəyanatla çıxışı zamanı Prezident İlham Əliyev Cənubi Qafqazda etimad quruculuğundan, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından, sərhədlərin dəqiqləşdirilməsi, sülh müqaviləsinin imzalanması və digər məsələlərdən də bəhs etdi”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, cənab Prezident çıxışı zamanı çox mühüm məqamlara toxundu. Biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Ölkə rəhbəri İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan olduğunu diqqətə çatdırdı. Azərbaycan bu məsələdə qətiyyətli və birmənalı mövqe nümayiş etdirir, siyasi-hüquqi öhdəliklərinə sadiqdir. Bakı istər sülh müqaviləsinin imzalanmasına, istərsə də sərhədlərin delimitasiyası ilə əlaqədar prosesə hazırdır. Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır. Eyni zamanda, bu saziş beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. İki dövlət məhz Bakının təklif və təqdim etdiyi beş baza prinsipi əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmaq məqsədilə təqdim etdiyi 5 prinsip Ermənistan tərəfindən qəbul edilib. Bakı bu prinsiplər əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazırdır. Millət vəkilinin sözlərinə görə, Azərbaycan delimitasiya və demarkasiya prosesinin tezliklə başlanılması üçün milli komissiyanın tərkibini müəyyən edib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırıldı ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar. Azərbaycan işçi qrupunu vaxtında yaradıb və nümayəndə heyətini ezam etməyə hazır idi. Amma erməni tərəfi razılaşmalara əməl etməyərək görüşlərdən imtina edib. Azərbaycan isə öz mövqeyi ilə sülh quruculuğuna mühüm töhfələr verir. Azərbaycan Prezidentinin dərin strateji diplomatiya siyasəti konkret nəticəyə hesablanıb. Regionda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılır, sülhə doğru qəti addımlar atılır. Bakı hər zaman öhdəliklərə sadiq olub və bu gün də sadiqdir. Amma eyni fikri Ermənistan haqqında əminliklə söyləmək mümkün deyil. Çünki üçtərəfli görüşdən sonra İrəvan ənənəsinə sadiq qalaraq prosesi pozmağa çalışdı. “Prezident İlham Əliyev bildirdi ki, qarışıq geosiyasi situasiyada Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir və bunun üçün Azərbaycan dövləti bütün əməli fəaliyyəti ilə öndədir. İkitərəfli və çoxtərəfli əməkdaşlıqlar, xüsusilə Avropa İttifaqı ilə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Avropa ittifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu gün Avropa İttifaqı - Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır. Avropa İttifaqının üzvü kimi Litva ilə də ikitərəfli münasibətlər uğurla inkişaf edir. Bu amillər Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin gücləndiyini göstərir”,-deyə Fatma Yıldırım vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv