YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Litva əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edirlər

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri də Litva Respublikası olmuşdur. 1991-ci il 20 dekabrda müstəqilliyimizi tanıyan Litva Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlər 1995-ci ilin dekabr ayında qurulmuş və 2007-ci ilin aprelin 3-də Litvanın Azərbaycanda, sentyabrın 6-da isə Azərbaycanın Litvada səfirliyi açılmışdır.

Ölkələrimiz siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafında maraqlıdırlar. Belə ki, Litva hər zaman  Azərbaycanın haqq işini dəstəkləmiş və ərazi bütövlüyünü tanımışdır. Eyni zamanda Azərbaycan da Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna və müxtəlif iqtisadi və humanitar sahədə birgə layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.

2007-ci il sentyabr ayının 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri çərçivəsində iki ölkə arasında imzalanan  "Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında" birgə bəyannamə ölkələrarası əməkdaşlığın inkişafında mühüm hüquqi baza olmuşdur.

Bu mühüm səfərlərdən biri də 28 noyabr 2013-cü ildə baş tutmuş və      Azərbaycan-Litva münasibətlərinin inkişafında yeni bir stimul yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işgüzar səfəri çərçivəsində Vilnüsdə Litvanın Baş naziri Alqirdas Butkeviçius ilə görüşmüş və görüşdə Azərbaycan-Litva münasibətlərinin indiki vəziyyəti, iqtisadi, enerji, ticarət, turizm, kənd təsərrüfatı və digər sahələrdə münasibətlər nəzərdən keçirilmiş, eləcə də bu sahələrdə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunmuşdur.

Bu gün də hər iki dövlət qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu nəzərə alaraq, öz aralarında yüksək səviyyəli dialoq və əməkdaşlıq qurub və hazırda da bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edirlər.

Məlum olduğu kimi, Litva Respublikasının Prezidenti Gitanas Nauseda mayın   17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olmuş, daha sonra mətbuata bəyanatlarla çıxış ediblər. Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda biznes forumun açılışında iştirak ediblər.

Forumda çıxış edən Prezident  İlham Əliyev qeyd etdi ki, ölkələrimiz arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, uzun illərdir ki, biz artıq strateji tərəfdaşlarıq və Prezident Gitanas Nausedanın hazırkı səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir.

Bu gün cənab İlham Əliyevin yürütdüyü möhtəşəm, ugurlu siyasət nəticəsində  Azərbaycanda biznes mühiti investorlar üçün olduqca  əlverişlidir. Dövlətimizin başçısı da çıxışında qeyd etdi ki, investisiya proqramlarımızın ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, indi biz bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir.

Azərbaycanın ixrac potensialının artdığını  vurğulayan Prezident  İlham Əliyev bildirdi ki, bu il ixrac 85 faiz artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Mən düşünürəm ki, bu, ölkənin dayanıqlı inkişafını göstərir. Çünki enerji potensialı təbii sərvətlərimizə əsaslanır və Azərbaycan xalqının, dost və qonşularımızın rifahına xidmət edir. Eyni zamanda, qeyri-enerji sahəsində artım da iqtisadiyyatımızda islahat aparmaq üçün hökumətimizin istəyini və bacarığını nümayiş etdirir.

Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir.  Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Dövlətimizin başçısı gələcək planlar haqqında danışarkən qeyd etdi ki, planlarımıza  qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir.

 Prezident cənab İlham Əliyevin sayəsində bu gün Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır deyən cənab İlham Əliyev qeyd etdi ki, biz yeni sazişlə bağlı Avropa İttifaqı ilə aparılan danışıqların son mərhələsindəyik. Avropa İttifaqının üzvləri, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir.

Beləliklə, may ayının 18-də  keçirilən biznes forumun üstünlüklərindən biri imkanların, biznes mühitinin, qaydaların, vergilərin, sərmayə imkanlarının və digər məsələlərin nümayiş etdirilməsindən ibarət oldu. Əminliklə demək olar ki, cənab İlham Əliyevin də vurğuladığı kimi, hər iki ölkənin biznes nümayəndə heyətləri bu fürsəti əldən verməyəcəklər.