YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan XİN: Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi əsassız, qərəzli və qeyri-ciddi sənəddir

Avropa Parlamentində qondarma “erməni soyqırımı” ilə əlaqədar aprelin 15-də qəbul edilmiş qətnamə əsassız, qərəzli və qeyri-ciddi sənəd olaraq, ikili standartların bariz nümunəsidir.
Bu fikirləri aprelin 15-də Avropa Parlamentində qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilmiş qətnamə ilə əlaqədar KİV-in sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən təşviq edilən bu qətnamə və ümumiyyətlə, “erməni soyqırımı” ifadəsinin işlədilməsi tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün təfsir olunması cəhdləridir.
İnsan hüquqlarının “müdafiəçisi” roluna iddia edən dairələr Avropa Parlamentində erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər guşələrində törətdikləri qanlı qırğınlara, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, indiki Ermənistan ərazisindəki tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində azərbaycanlılara qarşı törədilmiş qanlı etnik təmizləməyə, Xocalı faciəsinə münasibət bildirməyə özlərində hələ də cəsarət tapa bilməmişlər.
Hələ 80-ci illərin sonunda Avropa Parlamentində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına dair qətnamənin qəbul edilməsi sonradan Ermənistanın Azərbaycana qarşı təcavüzünə, on minlərlə azərbaycanlının ölümünə və bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə rəvac verən addımlardan biri olub. Avropa Parlamentinin 15 aprel tarixli qətnaməsi də Ermənistanın əsassız iddialarına dəstək olaraq regionda gərginliyin daha da artmasına rəvac verir.
Tarixi saxtakarlıq əsasında “erməni soyqırımı” iddiaları ilə çıxış edən Ermənistanın isə Azərbaycan xalqına qarşı törətdiyi insanlıq əleyhinə olan cinayət əməllərinə görə daşıdığı siyasi, hüquqi və mənəvi məsuliyyəti etiraf etməsi, Azərbaycana qarşı işğal və təcavüzə son qoyması və qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməsi regionda sülh və sabitliyin bərqərar olmasına, həmçinin Ermənistanın özünün düşdüyü acınacaqlı vəziyyətdən nicat tapmasına xidmət etmiş olardı.